Qarabağda bələdiyyə seçkiləri keçiriləcəkmi? - AÇIQLAMA
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat kampaniyası 2025-ci il yanvarın 6-da başlayıb. Bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Seçki Məcəlləsinə əsasən, təşviqat hüququ qeydə alınmış namizədlərə, onların nümayəndələrinə, eləcə də namizədi qeydə alınmış siyasi partiyalara və partiya bloklarına məxsusdur. Təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış, yanvarın 28-i saat 08:00-da başa çatacaq.
Bələdiyyə məsələləri üzrə ekspert Fərman Salmanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, “MSK-nın son rəsmi məlumatına əsasən, bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 16,708 nəfər namizədlik üçün müraciət etsə də, 15,696 nəfər bələdiyyə üzvlüyünə namizəd kimi qeydiyyata alınıb. Bu rəqəm, ümid edirəm ki, seçki günü seçicilərin aktivliyinə təsir edəcək”.
F. Salmanlı əlavə edib ki, “bələdiyyələr yerli özünüidarəetmə orqanları olduğu üçün seçicilərin aktivliyi daha çox onların indiyə qədər bələdiyyələrin fəaliyyətindən razı olub-olmamaları ilə əlaqədardır. Yəni seçki günü vətəndaşlarımız həm bələdiyyələrdən gözləntilərini ifadə etməklə, həm də bələdiyyələrin indiyə qədərki fəaliyyətinə qiymət vermiş olacaqlar”.
Ekspertin fikrincə, “seçki prosesi imzaların toplanılmasından başlayaraq seçkiqabağı təşviqat aparılması, plakatların hazırlanması və vurulması, yol, nəqliyyat və digər xərcləri ilə birgə maliyyə tələb edən prosesdir. Siyasi partiyalar daxili imkanları hesabına namizədlərinin bu xərclərini ödəsələr də, bitərəf namizədlərin öz şəxsi vəsaiti hesabına seçkilərdə iştirakı müəyyən çətinliklər yaradır. Yalnız ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar və siyasi partiya bloklarının namizədləri üçün seçkiqabağı təşviqat aparmaq məqsədilə müəyyən edilmiş media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılması şərait yaradılıb. Halbuki Seçki Məcəlləsinə görə namizədlər üçün seçkilərdə təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradılmalıdır. Əgər dövlət tərəfindən bitərəf namizədlər üçün də bərabər şərait yaradılarsa, namizədlərin təşviqat imkanları genişlənər”.
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanuna əsasən, yalnız əhalisinin sayı 3000 nəfər və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən çox olan yaşayış məntəqələrində bələdiyyələr təşkil edilə və bələdiyyə seçkiləri keçirilə bilər. İşğaldan azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə və yaşayış məntəqələri üzrə əhali sayı yetərli olmadığına görə hələlik bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Qarabağda bələdiyyə seçkiləri 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla yalnız 119 saylı Ağdam seçki dairəsində 8 yaşayış məntəqəsində bələdiyyə seçkiləri təşkil olunacaq. Salmanlı qeyd edib ki, “inanıram ki, dövlətin işğaldan azad edilmiş ərazilər üzrə məskunlaşma siyasəti bu templə davam edərsə, növbəti bələdiyyə seçkilərində Qarabağın bütün seçki dairələri üzrə bələdiyyə seçkisinin keçirilməsi mümkün olacaq”.
Maral Şahverdili
13:20 06.01.2025
Oxunuş sayı: 4636