Asiya Futbol Konfederasiyası Millətlər Liqasının təşkilini nəzərdən keçirir
Asiya Futbol Konfederasiyası (AFC) 2030-cu ildən Millətlər Liqasının təşkilini nəzərdən keçirir.
Crossmedia.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, yeni layihə dünya çempionatı və Asiya Kubokunun seçmə mərhələlərindəki genişmiqyaslı islahatların tərkib hissəsi olacaq.
Yarış iki ildən bir keçiriləcək. İştirakçılar üç diviziona bölünəcəklər: I və II divizionda 18, III divizionda isə 11 komanda yer alacaq. Avropa Millətlər Liqasında olduğu kimi, Asiya turnirində də divizionlararası enmə və yüksəlmə sistemi tətbiq ediləcək.
Dünya çempionatının seçmə mərhələləri çərçivəsində ali divizionun ən yaxşı 6 yığması mundiala birbaşa vəsiqə qazanacaq. İlk belə yarış 2032/2033 mövsümünə planlaşdırılır. 7–10-cu yerləri tutacaq komandalar əlavə turnirdə qalan iki kvota uğrunda mübarizə aparacaqlar. Əlavə turnirdə üçüncü yeri tutacaq komanda isə konfederasiyalararası pley-off matçına çıxacaq.
Asiya Kubounun seçmə mərhələsi də 2030-cu ildən etibarən Millətlər Liqası sisteminə inteqrasiya olunacaq.
Qeyd edək ki, analoji turnirin 2029-cu ildə KONKAKAF və Afrika zonalarında da tətbiqi planlaşdırılır.
11:08 10.10.2026
Oxunuş sayı: 68