Novella Cəfəroğlu: Beynəlxalq təşkilatlar öz missiyasını yerinə yetirmədi - Qəzzada 50 min qadın öldü
Müasir dünyada humanitar dəyərlər, insan hüquqları və qadın azadlığı kimi anlayışlar qlobal müstəvidə tez-tez müzakirə olunsa da, hərbi münaqişələr zamanı bu prinsiplər öz kəsərini tamamilə itirir. Müharibələrin və silahlı toqquşmaların ən böyük yükünü, fəsadlarını və acısını isə hər zaman olduğu kimi dinc əhali , xüsusilə də qadınlar və uşaqlar çəkir. Son dövrlər Qəzza zolağında yaşanan dəhşətli hərbi əməliyyatlar, 50 minə yaxın qadının və uşaqların qətlə yetirilməsi, dinc insanların hədəf alınması beynəlxalq hüquq normalarının, Cenevrə konvensiyalarının və BMT kimi nəhəng təşkilatların fəaliyyətsizliyini növbəti dəfə açıq şəkildə ortaya qoydu. Bəs müharibə şəraitində qadın hüquqları necə tənzimlənməli idi və beynəlxalq BMT missiyaları niyə bu qətliamın qarşısını ala bilmədi?
Mövzu ilə bağlı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Crossmedia.az-a açıqlama verib.

Hüquq müdafiəçisi Qəzzada yaşanan dəhşətlərə, müharibənin acı üzünə və bəşəriyyətin üzləşdiyi bu ağır faciədə qadınların çəkdiyi əzablara diqqət çəkib:
"Müharibə çox zalım bir şeydir. Çalışmaq lazımdır ki, müharibə olmasın, hər yerdə sülh bərqərar olsun. Müharibə vaxtı baxmırlar ki, bu uşaqdır, yoxsa qadındır. Müharibədə ən büyük əzab və yük məhz qadının çiyninə düşür. qadının oğlu ölür, əri ölür, qardaşı ölür. Onun üçün də qadınlar səsini ucaltmalıdırlar ki, müharibələr dayansın, hər yerdə sülh olsun. Müharibənin aparılmasında da görürük ki, hücum edəndə birinci sırada uşaqları və qadınları qətlə yetirirlər. Halbuki qadınlar çox güclüdür və onların gücünə arxalanmaq lazımdır. Biz özümüz də Vətən müharibəsində gördük ki, bizim Azərbaycan qadınları, anaları və qızları şəhidlərimizin tabutunun altına girdilər, böyük qeyrət göstərdilər. Bu gün Qəzzada da eyni acı yaşanır".
N.Cəfəroğlu Qəzzada 50 minə yaxın qadın və uşağın qətlə yetirilməsi qarşısında BMT-nin, "UN Women" kimi qadın hüquqları təşkilatlarının və beynəlxalq ictimaiyyətin göstərdiyi ikili standartlara, eləcə də Cenevrə Konvensiyasının işləmədiyinə toxunaraq Xocalı faciəsi ilə acı paralellər aparıb:
"Gördünüz ki, bu müharibədə də beynəlxalq təşkilatlar, BMT, Avropa heç bir təsirli addım atmadı, dinc insanların tərəfində olmadı. Biz bunu öz təcrübəmizdən də bilirik. 44 günlük müharibədə də Avropa bizə silah satmadı, əksinə Ermənistana hərbi sursat verdilər. Qadın və uşaq hüquqlarını müdafiə etməli olan beynəlxalq təşkilatlar, BMT bu cür dəhşətli müharibələrdə qətiyyətli mövqe ortaya qoymalıdırlar. Bunu beynəlxalq qanun çərçivəsinə elə salmalıdırlar ki, müharibədə qadına və uşağa toxunmaq mümkün olmasın. Biri var bombardmandır, təsadüfən bomba düşür və kiminsə ailəsi tələf olur. Biri də var ki, cani kimi, vəhşicəsinə qadınları və uşaqları qətlə yetirirlər. BMT və dünya mətbuatı bu cür cinayətləri zamanında bütün dünyaya çatdırmalı, canilərin cəzalandırılması üçün hüquqi mexanizmləri işə salmalı idi. Təəssüf ki, beynəlxalq qurumlar öz missiyasını yerinə yetirmədi".
Fatimə Cabbarlı
19:30 09.10.2026
Oxunuş sayı: 68