Bakıda gənclərin yol mübahisəsi davaya çevrildi
Bakının Nizami rayonunda yol verməmək üstündə yaranan mübahisə davaya çevrilib, hadisə ilə bağlı cinayət işi açılan gənc amnistiya əsasında məsuliyyətdən azad edilib.
Crossmedia.az xəbər verir ki, hadisə ötən il martın 11-də saat 19:40 radələrində Nizami rayonunda, Heydər Əliyev prospektində yerləşən “Koroğlu” metro stansiyasının çıxışında baş verib.
İstintaq materiallarına görə, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Elbrus əvvəllər tanımadığı Əmirlə yol verməmək üstündə mübahisə edib.
Mübahisə zamanı Elbrus Əmirin saçından tutaraq onu sağa-sola dartıb, daha sonra bir neçə dəfə təpiklə onun belinə və sağ yan nahiyəsinə zərbələr endirib.
Elbrus barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa zərər vurma) ittiham irəli sürülüb. O, məhkəmədə ittiham üzrə özünü təqsirli bilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Elbrusa amnistiya tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.
14:57 06.10.2026
Oxunuş sayı: 58