Pensiya artımı belə hesablanacaq - artım kimlərə şamil olunur?
Pensiyaların hər il eyni prinsiplə indeksasiya olunması ilə bağlı yanaşmanın dəyişdirilməsi təklif olunur. Yeni mexanizmə əsasən, pensiyanın ölkə üzrə orta aylıq nominal əməkhaqqı səviyyəsinə qədər olan hissəsinin əvvəlki qaydada tam indeksasiya edilməsi, bu həddi aşan hissəyə isə daha aşağı əmsal tətbiq olunması nəzərdə tutulur. Hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edir və təklif olunan mexanizm qüvvəyə minərsə, bu məbləğ pensiyaların indeksasiyasında əsas hədd kimi çıxış edəcək. Dəyişikliklərin əsas məqsədi aşağı və orta məbləğdə pensiya alanların artımdan daha çox qorunması, yüksək pensiyaların isə əməkhaqqı artımına əsaslanan indeksasiya nəticəsində daha sürətlə yüksəlməsinin qarşısının alınmasıdır. Milli Məclisdə qanun layihəsi 30 sentyabr 2026-cı ildə birinci oxunuşda qəbul edilib və dəyişikliklərin qüvvəyə minəcəyi təqdirdə yeni mexanizmin 2027-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur. Bəs yeni sistem pensiyaçılara necə təsir edəcək və diferensial indeksasiya hansı məntiqə əsaslanır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, təklif olunan mexanizmin əsas məntiqi aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır.

Professor qeyd edib ki, yeni mexanizm bütün pensiyaya deyil, yalnız müəyyən həddi aşan hissəyə fərqli əmsalın tətbiqini nəzərdə tutur:
“Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır. Təklif olunan yeni mexanizmə əsasən, pensiyanın ölkə üzrə orta aylıq nominal əməkhaqqı, hazırda 1 176,7 manat qədərində olan hissəsi əvvəlki qaydada tam indeksasiya ediləcək, yalnız bu məbləği aşan hissəyə daha aşağı əmsal tətbiq olunacaq. Əmsalın 0,2-0,5 arasında olması nəzərdə tutulur. Konkret hansı hallarda hansı əmsalın tətbiq ediləcəyi isə qanun layihəsinin yekun mətnindən və bununla bağlı müəyyən ediləcək qaydalardan asılı olacaq. Hazırkı məlumata görə, pensiyaçıların 90 faizdən çoxunun pensiyası 1 176,7 manatdan aşağıdır. Layihədə nəzərdə tutulan mexanizmə əsasən, bu şəxslərin pensiyasının indeksasiyasına yeni əmsallar tətbiq edilməyəcək. 1 176,7 manatdan yüksək pensiya alan şəxslərdə isə əmsal bütün pensiyaya deyil, yalnız həmin həddi aşan hissəyə tətbiq olunacaq. Məsələn, 1 300 manat pensiya alan şəxsin pensiyasının yalnız 123,3 manatlıq hissəsi yeni əmsalın tətbiq dairəsinə düşür. Buna görə də əmsalın 0,2 olması belə pensiyanın ümumi artımını aradan qaldırmır, sadəcə əvvəlki qayda ilə müqayisədə artım məbləğini azaldır. Beləliklə, yüksək pensiya alan şəxsin nominal pensiyası yenə artır, lakin tam indeksasiya halı ilə müqayisədə daha aşağı templə”.
Professor qeyd edib ki, pensiya məbləği yüksəldikcə diferensial indeksasiyanın yaratdığı fərq də böyüyəcək və gələcəkdə mexanizmin parametrlərinin dəyişdirilməsi mümkündür:
“Pensiya məbləği yüksəldikcə, tam indeksasiya ilə yeni mexanizm arasındakı fərq də artır. Məsələn, 3 000 manat pensiya alan şəxsin 1 823,3 manatlıq hissəsi 1 176,7 manatlıq həddi aşır və yeni əmsal həmin hissəyə tətbiq olunur. Ümumilikdə Azərbaycanda 2006-cı ildən etibarən vətəndaşların pensiya təminatı fərdi uçot və sosial sığorta prinsipləri əsasında həyata keçirilir. Bu baxımdan pensiya təminatı və indeksasiya mexanizmlərinin sosial sığorta prinsipləri ilə uyğunluğunun qorunması və təkmilləşdirilməsi vacibdir. Prinsip etibarilə gələcəkdə əmsalların dəyişdirilməsi mümkündür. Çünki söhbət qanunvericiliklə müəyyən ediləcək mexanizmdən gedir və qanun layihəsi təsdiqlənməyib. Buna görə də 0,2 və 0,5 rəqəmlərini gələcək illər üçün dəyişməz parametr kimi qəbul etmək düzgün olmaz. Sonradan qanunvericiliyə dəyişiklik edilməklə əmsalların diapazonu dəyişdirilə və ya indeksasiyanın başqa formulu müəyyən edilə bilər. Gələcəkdə bütün pensiyaçılar üçün fərqli indeksasiya mexanizminə keçid də hüquqi baxımdan mümkündür. Bunun üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməlidir. Hazırda qanunun 29-cu maddəsində pensiyaların indeksasiyası qaydası müəyyən edilir və mövcud mexanizm orta aylıq nominal əməkhaqqının artım tempinə əsaslanır. Ümumilikdə, təklif olunan dəyişiklik pensiyaların nominal məbləğinin azaldılmasını deyil, orta aylıq əməkhaqqından yüksək pensiyaların həmin həddi aşan hissəsinin daha aşağı əmsalla indeksasiya olunmasını nəzərdə tutur. Buna görə də mexanizmin əsas təsiri yüksək pensiya alanların gələcək artım tempinin tam indeksasiya ilə müqayisədə aşağı düşməsində ifadə olunacaq”.
Zeynəb Həsən
16:26 06.10.2026
Oxunuş sayı: 78