Ağ bal nədir və niyə faydalıdır?
Bal dedikdə ağla ilk olaraq qızılı rəngli, şirin və ətirli məhsul gəlir. Lakin arıçılıqda rəngi, dadı və quruluşu ilə fərqlənən ağ bal da mövcuddur. Bəs ağ bal nədir, adi baldan hansı xüsusiyyətləri ilə seçilir və bu fərqli rəng necə yaranır?
Ağ balın formalaşmasında arıların topladığı nektarın mənbəyi və balın kristallaşma prosesi mühüm rol oynayır. Bu məhsulun necə yetişməsi və rənginin hansı səbəbdən açıqlaşması isə istehlakçılar üçün maraq doğuran məqamlardandır.
Crossmedia.az-a açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı ağ balın hazırlanma xüsusiyyətlərindən danışıb:
“Ağ bal, Azərbaycanda krem bal da deyilir. Rəngi ağarmış, xüsusi hazırlanmış krem bala ağ bal deyirlər. Ağ bal maye balın xüsusi şəraitdə, müəyyən temperaturda və uyğun aparat vasitəsilə kremləşdirilməsi nəticəsində əmələ gəlir. Maye bala əvvəlcədən hazırlanmış krem bal əlavə olunur və müəyyən müddət ərzində xüsusi qaydada qarışdırılır. Proses soyuq temperaturda aparılır və bir neçə gün davam edir”.
Arıçı bildirib ki, balın rənginin ağarması onun tərkibindəki xırda hava qabarcıqları ilə bağlıdır: “Hava qabarcıqları çox xırda, gözlə görünməyən formada olduğuna görə balın rəngi ağarır. Yumurta çalındıqda rənginin ağarması da buna bənzər prosesdir. Ağ balın keyfiyyətli alınması üçün istifadə olunan maye balın rənginin mümkün qədər açıq olması, təbii olması, soyuq temperaturda hazırlanması və daha sonra soyuq yerdə saxlanılması şərtdir”.
Elvin Bayramlı qeyd edib ki, bəzi çiçəklərdən əldə edilən bal da təbii olaraq açıq və ağa çalan rəngdə ola bilər. “Ölkədə bəzi çiçəklərin nektarından hazırlanan balın rəngi açıq olur. Bunlardan biri adi daşsarmaşığıdır. Biz onu “Həmişəşəfəq” brendi adı altında satırıq. Bu balın rəngi açıq olur və tez xarlanır. İri qabdan kiçik bankalara doldurulduqda rəngi daha da açılaraq ağa çalan görünüş alır. Digər nümunə isə sarı yoncadır. Onun balı da ağ və ya ağa yaxın rəngdə olur”.
Arıçı vurğulayıb ki, təbii olaraq açıq rəngli ballarla “ağ bal” anlayışını qarışdırmaq olmaz: “Bunlar öz adı ilə satılır. Ağ bal deyiləndə isə əsasən qarışdırılaraq, xüsusi aparat vasitəsilə hazırlanmış krem bal nəzərdə tutulur”.
Nigar Xəlilli
14:30 06.10.2026
Oxunuş sayı: 59