Rusiyada taun şübhəsi: Ağ Ev vəziyyəti izləyir
Rusiyanın İrkutsk vilayətində mümkün taun hadisəsi ilə bağlı vəziyyət ABŞ administrasiyasının diqqətindədir.
Crossmedia.az xəbər verir ki, “Axios” Ağ Evin Rusiyadakı vəziyyəti izlədiyini və mümkün cavab variantlarını qiymətləndirdiyini yazıb.
Məlumata görə, 28 yaşlı Darya Şipilovanın ölümündən sonra İrkutsk vilayətində bir sıra tibb müəssisələrində karantin tədbirləri görülüb. Şipilovanın taunla mübarizə üzrə elmi-tədqiqat institutunda çalışdığı bildirilir.
Mediada yayılan məlumatlara əsasən, Şipilova sentyabrın 25-də laboratoriyada ağciyər taununa səbəb olan patogenlə bağlı sınaq şüşəsini sındırıb. Sentyabrın 29-da ağır pnevmoniya əlamətləri ilə xəstəxanaya yerləşdirilən qadın oktyabrın 1-dən 2-nə keçən gecə həyatını itirib. Lakin onun məhz laboratoriya insidenti nəticəsində yoluxduğu rəsmi şəkildə təsdiqlənməyib.
Bundan sonra onunla təmasda olmuş 197 nəfərin müəyyənləşdirildiyi, onlardan 189-nun xəstəxanaya yerləşdirildiyi bildirilib. Digər şəxslər də tibbi nəzarətə götürülüb. Hazırda təmasda olan şəxslər arasında xəstəlik əlamətlərinin aşkarlandığı barədə məlumat yoxdur.
“Axios”un məlumatına görə, Ağ Ev vəziyyətdən xəbərdar olduğunu, prosesi izlədiyini və mümkün tədbirləri qiymətləndirdiyini bildirib. Ağ Ev əlavə sualları ABŞ Dövlət Departamentinə yönləndirib.
09:42 05.10.2026
Oxunuş sayı: 53