CROSSMEDIA - AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”su Braziliyada: qəzaya səbəb nə olub?
Gündəm

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”su Braziliyada: qəzaya səbəb nə olub?

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev AZAL-a məxsus təyyarənin Aktauda baş verən qəzasının obyektiv araşdırılması üçün uçuş registratorlarının (qara qutuların) Braziliyaya göndərilməsini ən düzgün həll yolu adlandırıb. Prezidentin sözlərinə görə, qəzanın araşdırılması üçün yaradılmış hökumət komissiyası bu qərarı qəbul edib. Tokayev qəza zamanı xilasedicilərin və yerli sakinlərin göstərdikləri peşəkarlığa və cəsarətə görə onlara təşəkkürünü də ifadə edib.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Emil Həsənov bildirib ki, bu cür hadisələrdə beynəlxalq konvensiyalar xüsusi rol oynayır.

“Bu hadisə ilə bağlı əsasən üç beynəlxalq konvensiya tətbiq olunur: Monreal Konvensiyası, Çikaqo Konvensiyası və digər müvafiq razılaşmalar. Monreal Konvensiyası mülki aviasiya sahəsində fəaliyyətlərin tənzimlənməsi üçün hazırlanıb, Çikaqo Konvensiyası isə birbaşa mülki aviasiya ilə bağlı beynəlxalq hüquqi çərçivəni müəyyən edir,” - deyə Həsənov qeyd edib.

Ekspertin sözlərinə görə, qəzanın araşdırılmasında üç əsas tərəf iştirak edir:

1. Hadisənin baş verdiyi ölkə;

2. Hava gəmisinin mənsub olduğu ölkə;

3. Təyyarənin istismarçısı olan ölkə.

Bu tərəflər arasında əməkdaşlıq vacibdir. Həmçinin ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) prosesə cəlb olunur və araşdırma məlumatlarını təkmilləşdirir.

Niyə Braziliya seçilib?

Embraer tipli təyyarənin istehsalçısı Braziliya olduğu üçün AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmalara Braziliyalı mütəxəssislərin cəlb olunması məhz bu səbəblə seçilib. Eyni zamanda, Braziliyalı ekspertlərin cəlb olunması həm də araşdırmanın beynəlxalq standartlara uyğun həyata keçirilməsinə və qəzanın başvermə səbəbləri ilə bağlı bütün suallara aydın cavab tapılmasına şərait yaradır.

Emil Həsənov əlavə edib ki, bu proses həm Azərbaycan, həm də Braziliya arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək:

“Hazırda Braziliyada bu sahədə güclü ekspertiza mövcuddur və Azərbaycan ilə Braziliya arasında möhkəm münasibətlər qurulmuşdur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) isə bu prosesdə iştirak edə bilən neytral bir təşkilat hesab edilə bilər.Texniki problemlərin dəqiq müəyyən edilməsi üçün detallı ekspertiza lazımdır. Bu, həm qəzanın səbəblərini öyrənmək, həm də gələcəkdə oxşar hadisələrin qarşısını almaq baxımından önəmlidir,” - deyə o vurğulayıb.

Beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilən bu prosesin nəticələrinin qərəzsiz olması üçün bütün tərəflərin əməkdaşlığı davam edir. Azərbaycan və Braziliya arasındakı müsbət münasibətlər isə bu araşdırmanın effektivliyinə zəmin yaradır.

Nihat Tahirov

06:56 04.01.2025

Oxunuş sayı: 6133

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR