Cənubi Çin dənizində GƏRGİN ANLAR: Gəmilər toqquşdu
Cənubi Çin dənizində Çin Sahil Mühafizəsinə məxsus gəmi Filippinin Balıqçılıq və Su Resursları Bürosunun (BFAR) gəmisinə çırpılıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Hadisə sentyabrın 18-də Filippinin Palavan adasının sahillərindən təxminən 54 dəniz mili aralıda, Abad Santos dayazlığının yaxınlığında baş verib. Filippin tərəfinin məlumatına görə, BRP Datu Magat Salamat adlı gəmi yerli balıqçılara yanacaq çatdırılması missiyasını həyata keçirib.
Filippin Sahil Mühafizəsinin bildirdiyinə görə, Çin Sahil Mühafizəsinin CCG-21585 nömrəli gəmisi əvvəlcə Filippin gəmisinin arxa hissəsindən təxminən 10 metr məsafədə keçib. Saat 11:13-də isə eyni manevri təkrarlayaraq hərəkətdə olan BFAR gəmisinə çırpılıb.
Toqquşma nəticəsində Filippin gəmisinin sağ bortunda zədələnmələr qeydə alınıb. Gəminin məhəccərləri əyilib, qırılıb və bəzi hissələri qopub, metal dayaqlar deformasiyaya uğrayıb, göyərtədəki bəzi avadanlıqlar yerindən çıxıb. Hadisə zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Filippin Sahil Mühafizəsi həmçinin bildirib ki, toqquşmadan sonra Çin gəmisi Filippin gəmisinin arxa hissəsindən təxminən 5 metr məsafədə daha bir təhlükəli manevr edib.
Hadisənin Filippinin müstəsna iqtisadi zonasında baş verdiyi bildirilir. Filippin Xarici İşlər Nazirliyi Çin gəmisinin hərəkətlərini pisləyərək, hadisənin mülki ekipajın təhlükəsizliyini riskə atdığını açıqlayıb.
Çin Sahil Mühafizəsi isə hadisəyə görə Filippin tərəfini məsul tutub. Çin tərəfinin açıqlamasına görə, Filippin gəmisi xəbərdarlıqlara məhəl qoymayıb, kursunu dəyişib və Çin gəmisinin qarşısından keçməyə çalışıb.
14:02 19.09.2026
Oxunuş sayı: 49