Alabama klinikası 5 milyon dollarlıq dəstəklə 4 dəfə böyüdü
ABŞ-nin Alabama ştatında abort xidmətləri göstərən klinika ştatda abort qadağasının qüvvəyə minməsindən sonra Melinda French Gatesin 5 milyon dollarlıq maliyyə dəstəyi ilə fəaliyyətini genişləndirərək tam xidmət göstərən sağlamlıq mərkəzinə çevrilib.
Crossmedia.az xəbər verir ki, “The Times of India” bu barədə məlumat yayıb.
Tuscaloosa şəhərində fəaliyyət göstərən WAWC Healthcare əvvəllər əsasən abort xidmətləri göstərib. ABŞ Ali Məhkəməsinin 2022-ci ildə “Roe v. Wade” qərarını ləğv etməsindən sonra Alabama ştatında abort qadağası qüvvəyə minib və klinika fəaliyyətini dayandırıb.
Melinda French Gatesin xeyriyyə təşkilatı “Pivotal” tərəfindən ayrılan 5 milyon dollarlıq qrant klinikanın yenidən açılmasına və xidmət dairəsinin genişləndirilməsinə dəstək olub. Mərkəzdə hazırda hamiləliyin müşayiəti, mama xidmətləri, düşük hallarında tibbi yardım, kontrasepsiya, cinsi yolla keçən infeksiyaların müayinəsi və psixi sağlamlıq xidmətləri göstərilir.
Klinikanın 25 aprel 2026-cı ildə açılan yeni binası əvvəlki məkanından dörd dəfə böyükdür. Yeni mərkəzdə əvvəlki klinika ilə müqayisədə iki dəfə çox müayinə otağı yaradılıb və psixi sağlamlıq xidmətləri üçün ayrıca bölmə fəaliyyət göstərir.
20:28 17.09.2026
Oxunuş sayı: 47