İlham Əliyevin Yeni il müraciəti: 2025-ci il prioritetlərinin konseptual təqdimatı
Azərbaycan Prezidenti İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti, ölkənin əldə etdiyi mühüm uğurları, qarşıda duran strateji hədəfləri və milli həmrəyliyin vacibliyini vurğulayan əhəmiyyətli bir yol xəritəsi kimi yadda qaldı. Müraciəti zamanı cənab Prezident, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsindən, iqtisadi inkişafından və milli birliyindən geniş şəkildə bəhs etdi.
Qalib xalqın qalib lideri 2024-cü ilin ən əlamətdar hadisələrindən birinin, illər boyunca işğalda qalan Qazax rayonunun dörd kəndinin siyasi yolla geri qaytarılması olduğunu ön plana çəkdi. Bu mühüm uğur, Azərbaycanın diplomatik və hərbi gücünün, həmçinin prinsipial mövqeyinin birbaşa nəticəsi olaraq qeyd olundu. İlham Əliyev Ermənistanın bu addımı məhz Azərbaycanın yaratdığı yeni reallıqların təzyiqi altında atmağa məcbur olduğunu da bildirdi.
Müraciətdə Azərbaycanın daxili sabitlik və təhlükəsizlik mühitinin qorunması və gücləndirilməsinin prioritet olduğu məsələsi də xüsusi olaraq vurğulandı. Dünya arenasında yeni münaqişələrin və müharibələrin şiddətlənən bir dövründə, Azərbaycanın sülh və inkişaf yolu ilə irəliləməsi, milli həmrəyliyin və dövlət siyasətinin uğurlu nəticəsi kimi təqdim olundu. Eyni zamanda, Prezident Ermənistanın genişmiqyaslı silahlanma kampaniyasını bölgə üçün potensial təhlükə olaraq qiymətləndirərək, Azərbaycanın bu təhdidlərə qarşı diqqətli olacağına dair mövqeyini ifadə etdi. Müraciət, həm qürurverici, həm də gələcəyə yönəlik əzm və çağırış dolu bir mesaj oldu.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a verdiyi açıqlaması zamanı bildirib ki, Azərbaycan Prezidenti tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına ünvanlanan təbrik müraciəti sadəcə adi bir çıxış deyildi. Onun fikrincə, bu müraciət həm 2024-cü ilin yekunlarının bir hesabatı, həm də 2025-ci ildə qarşıda duran əsas prioritetlərin konseptual təqdimatı kimi qiymətləndirilə bilər:
“Prezident İlham Əliyev çıxışında ilk növbədə 2024-cü ildə ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət çəkdi. Dövlətimizin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm məqamlara toxundu və dörd kəndimizin silahsız, döyüşsüz bir şəkildə işğaldan azad edilməsini xüsusi vurğuladı. Bu mesaj Azərbaycan dövlətinin gücünün və qüdrətinin birbaşa göstəricisidir.
Azərbaycan o qədər güclü bir dövlətdir ki, düşmən tərəf vaxtilə zorla işğal etdiyi ərazilərimizi bu gün könüllü şəkildə tərk etməyə məcbur olur. Bu, heç bir işğalçı dövlətin öz xoşuna işğal etdiyi torpaqlardan geri çəkilmədiyi, tarixi reallıq fonunda Azərbaycanın gücünün çəkindirici bir vasitə kimi təsdiqidir. Cənab Prezident bu məqamla, ordumuzun və milli gücümüzün regionda sabitlik və ədaləti qorumaq üçün əsas amillərdən biri olduğunu da bir daha bəyan etdi”.
Deputat daha sonra Prezident İlham Əliyevin “Böyük Qayıdış” proqramı ilə bağlı fikirlərini paylaşdığına da diqqət çəkib:
“Bu qayıdış yalnız mənəvi və tarixi bir hadisə deyil, həm də Azərbaycanın iqtisadi potensialının artmasına gətirib çıxaracaq strateji bir addımdır. Qarabağın işğaldan azad olunması nəticəsində ölkənin ümumi iqtisadiyyatında ciddi irəliləyişlər gözlənilir. Çünki 30 il ərzində işğal altında olan torpaqların təbii sərvətlərindən, su ehtiyatlarından və kənd təsərrüfatı potensialından istifadə etmək mümkün olmayıb”.
“Böyük Qayıdış” həm də işğaldan azad edilmiş ərazilərin bərpasını və orada iqtisadi həyatın canlanmasını təmin edəcək. Vətəndaşlarımızın doğma yurdlarına qayıtması, həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Qayıdan insanlar işçi qüvvəsi kimi həmin ərazilərdə fəaliyyət göstərəcək və yerli iqtisadi münasibətlərin iştirakçılarına çevriləcəklər”.
H.Babaoğlu həmçinin Prezidentin çıxışı zamanı təhlükəsizlik və müdafiə məsələlərinə də toxunaraq, ordumuzun daha da gücləndirilməsini, hərbi büdcənin artırılmasını və ölkənin müdafiə potensialının yüksəldilməsini vacib məqam kimi vurğuladığını da qeyd edib:
“O qeyd etdi ki, Azərbaycanın gücü regionda sülh və sabitlik yaratmaq üçün çəkindirici bir vasitədir və bu güc yalnız ədalətsizlik və haqsızlıq hallarında tətbiq oluna bilər. Sosial və iqtisadi inkişaf məsələlərini diqqət mərkəzində saxlayan Prezident, Azərbaycanın hər zaman vətəndaşların mənafeyini üstün tutan bir dövlət olduğunu bir daha təsdiqlədi. O bildirdi ki, 2025-ci ildən başlayaraq, Azərbaycan regional güc kimi mövqeyini daha da möhkəmləndirəcək və milli maraqların təmin olunması istiqamətində ardıcıl və düşünülmüş addımlar atacaq”.
“Beləliklə, Prezidentin bu müraciəti 2024-cü ildə görülən işlərin əhatəli təhlili və 2025-ci ilin fəaliyyət proqramının konseptual əsaslarını təqdim edən mühüm bir çıxış kimi yadda qaldı. Bu çıxış Azərbaycanın milli maraqlarının qorunması, regionda ədalət və sabitliyin təmin edilməsi və xalqın rifahının daha da yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır”, -deyə deputat bildirib.
Aytac Bəhruzqızı
16:09 01.01.2025
Oxunuş sayı: 15468