Ukrayna və Rusiya gecə qarşılıqlı zərbələr endirib
Ukrayna və Rusiya sentyabrın 15-nə keçən gecə qarşılıqlı zərbələr endirib. Son məlumatlara görə, Ukrayna Rusiyanın bir sıra sənaye və enerji obyektlərini, Rusiya isə Kiyevdə mülki və sənaye infrastrukturu hədəf alıb.
Crossmedia.az xəbər verir ki,Ukraynanın zərbələri zamanı Rostov vilayətinin Taqanroq şəhərində “Ozon” şirkətinə məxsus anbarın və G.M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinin ərazisində yanğın baş verdiyi bildirilib. Kompleksdə hərbi təyyarələrin təmiri və modernləşdirilməsi işlərinin aparıldığı qeyd olunur.
Samara vilayətindəki Sızran neft emalı zavodunun da pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı və müəssisənin sənaye zonasına yanğın düşdüyü barədə məlumat yayılıb. Bu məlumatlar ilkin olaraq Rusiya və Ukrayna mənbələri tərəfindən açıqlanıb.
Rusiya qüvvələrinin isə Kiyevə reaktiv mühərrikli pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi bildirilir. Kiyevin Darnitsa rayonunda yanacaqdoldurma məntəqəsinə zərbə qeydə alınıb, Obolon rayonunda isə anbar binalarının vurulduğu açıqlanıb.
Qarşılıqlı zərbələr ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukraynanın enerji obyektlərinə hücumları dayandırmaq barədə razılığa gəldiyini açıqlamasından bir gün sonraya təsadüf edib. Ukrayna Prezidenti Volodimir Zelenski isə belə bir razılaşmanı yalnız Rusiyanın da hücumları dayandıracağına dair real təminat veriləcəyi halda dəstəkləyəcəklərini bildirib.
09:45 15.09.2026
Oxunuş sayı: 50