CROSSMEDIA - Cənubi Koreyadakı təyyarə qəzasının səbəbləri araşdırılır
Xarici xəbərlər

Cənubi Koreyadakı təyyarə qəzasının səbəbləri araşdırılır

Jeju Air-a məxsus Boeing 737-800 təyyarəsi Cənubi Koreyada qəzaya uğrayıb. Qəzada 179 nəfər həyatını itirib, yalnız iki nəfər sağ qalıb. Hadisə Muan hava limanında baş verib və faciəyə bir neçə səbəb təsir edib.

Crossmedia.az xəbər verir ki, Bankokdan uçan təyyarə pilotun hava məkanında quş sürüsünü gördüyünü deməsindən cəmi iki dəqiqə sonra quşlarla toqquşub. Pilot vəziyyət barədə dispetçerə dərhal məlumat verib. Birinci eniş cəhdini dayandıraraq ikinci cəhd üçün dövrə vurmaq istəyib. Amma görünür, bu manevri tamamlaya bilməyib. Təyyarə zolağa yaxınlaşıb və üç dəqiqə sonra zolağın sonundakı beton konstruksiyaya çırpılıb, ardınca partlayış baş verib.

Ekspertlər bildirirlər ki, quşla toqquşma mühərriklərin sıradan çıxmasına və eniş şassisinin açılmamasına səbəb olub. Koreya Aviasiya Təhlükəsizliyi Assosiasiyasının prezidenti Hvan Ho Von qeyd edib ki, adətən məcburi eniş zamanı pilotlar yanacağı boşaltmaq və yerüstü xidmətlərin hazırlaşması üçün vaxt ayırırlar. Lakin bu dəfə pilotun vaxtı çox az olub.

Pilotun təxminən 7000 saat uçuş təcrübəsi var idi. Lakin mühərrik nasazlığı və eniş mexanizmində yaranan problemlər eyni vaxtda baş verib. Bu isə təyyarəni bir neçə dəqiqə ərzində məcburi eniş etməyə məcbur edib.

Qəzanın başqa bir səbəbi də hava limanındakı uçuş-enmə zolağının uzunluğunun azaldılması olub. Normalda zolağın uzunluğu 2,8 kilometr olsa da, tikinti işlərinə görə qəza günü bu məsafə 2,5 kilometrə qədər azaldılmışdı. Bu məsafə təyyarə üçün kifayət hesab olunsa da, o, zolağın əvvəlində yerə enməyib və nəticədə mövcud uzunluğu azaldıb.

Ekspertlər deyirlər ki, təyyarənin problemləri çırpılmadan əvvəl başlamışdı. Eniş zamanı pilot nə mühərrikləri, nə də eniş şassisini idarə edə bilib. Bundan əlavə, qanad qapaqları da işləməyib. Təyyarə sürəti azaldan əsas mexanizmlərdən məhrum idi.

Aviasiya mütəxəssisi Hünqvun Cey Yu Yunq bildirib ki, qəzanın dəqiq səbəblərini yalnız qara qutunun məlumatları araşdırıldıqdan sonra bilmək mümkün olacaq. Qara qutu tapılsa da, onun zədələndiyi və məlumatların bərpasının vaxt aparacağı qeyd olunub.

Gülay Qəribova

14:50 31.12.2024

Oxunuş sayı: 4806

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR