Danimarka şirkətinin rəhbəri: Zəngəzur dəhlizinin açılması yükdaşımaları asanlaşdıracaq

Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində əlaqələrin genişlənməsinə səbəb olacaq və yükdaşımaları asanlaşdıracaq.
Crossmedia.az xəbər verir ki, bunu Danimarkanın "Azurite Caspian Trucking" şirkətinin baş icraçı direktoru Martin Briks Voetman Bakıda keçirilən "Qara-Xəzər dənizi yükdaşıma forumu: dəhlizlər, yüklər, infrastruktur" forumunda bildirib.
Onun fikrincə, Orta Dəhliz son 10 ilin ən böyük nailiyyətlərindən biridir: "Mən uzun illərdir iddia edirəm ki, Mərkəzi Asiyada logistika dünyada ən mürəkkəb logistikalardan biridir. İlk konteyner qatarları Orta Dəhliz boyu hərəkət etməyə başlayanda və bu marşrutla yüklər daha qısa müddətə çatdırılanda, hər kəs qitələrarası dəmir yolu həlləri haqqında danışmağa başladı. Əminliklə söyləmək olar ki, Çindən Avropaya dəmir yolu seçimi sadəcə inkişaf etdirilməli olan bir konsepsiya deyil, bu, artıq mövcud olan, tam formalaşmış bir dəhlizdir".
Danimarkalı şirkət rəhbəri qeyd edib ki, bu dəhlizə kommersiya tələbatı var: "Bir kəmər, bir yol" təşəbbüsü təşviq ediləndə logistika sahəsi ilə məşğul olan əksər mütəxəssislər deyirdilər ki, bu layihə kommersiya baxımından rentabelli deyil. İddia olunurdu ki, bu, yalnız Çinin subsidiyaları sayəsində ayaqda qala bilir. Lakin indi bunun belə olmadığı aydındır. Orta Dəhlizə geosiyasi tələbat, siyasi maraq var. Yükləri Orta Dəhliz boyunca daşımaq üçün kommersiya tələbatı da mövcuddur".
16:43 10.09.2025
Oxunuş sayı: 796