Çin bizim üçün bəzi məsələlərdə nümunə ola bilməz - Sabiq baş nazir

Azərbaycan beynəlxalq aləmdə inamlı addımlarla irəliləyir. Dünya nəhəngləri ilə strateji tərəfdaşlıqlar, böyük iqtisadi layihələr dövlətimizin nüfuzunu hər keçən gün daha da artırır. Suverenliyimizin bərpasından sonra dünya Azərbaycan reallığı ilə barışmaq məcburiyyətindı qaldı. Və Azərbaycan öz sözünü deyən, siyasi proseslərə yön verən, obyekt yox subyekt olan dövlətə çevrildi. Bu gün Şərqin nəhəng iqtisadi dövləti Çinlə, Qərbdə ABŞ ilə strateji müttəfiqlik səviyyəsində münasibətlərin qurulması artıq Azərbaycanın mövcud gücünü göstərir.
Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtona gedərək region üçün əhəmiyyətli olan bir sıra məsələləri gündəmə gətirdi. Cənubi Qafqazda sülhün əldə olunması, sabitliyin bərpası üçün böyük addım atdı. Sonra isə Şərqin ticarət nəhəngi olan Çinə səfəri region üçün yeni iqtisadi imkanlar yaratdı. Məhz bu Azərbaycanın balanslı siyasətidir. Əvvəlcə bölgədə sabitliyin bərpası, sülhün bərqərar edilməsi üçün müəyyən addımların atılması, sonrakı mərhələdə isə yeni iqtisadi layihələrin həyata keçirilməsi Azərbaycan prezidentinin diplomatik məharətinin göstəricisidir.
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Çin-Azərbaycan münasibətləri ilə bağlı Crossmedia.az-a müsahibə verib:
- Azərbaycan - Çn münasibətlərinin bu günü və perspektivi barədə fikirləriniz nələrdir?
-Çin dünyanın ən böyük və iqtisadi cəhətdən inkişaf etmiş ölkəisidir. Qeyd etmək lazımdır ki, Çinin bir sıra iqtisadi maraqları Azərbaycanın iqtisadi maraqları ilə üst-üstə düşür. Marşrut və logistika yollarının Azərbaycandan keçməsinin, iqtisadi layihələrdə iştirakın da münasibətlərin inkişafına müəyyən təsiri var. Bütün bu proseslər Azərbaycanın Çinlə əlaqələrini inkişaf etdirir.
-Çinlə inkişaf etməkdə olan münasibətlərimiz region dövlətləri tərəfindən necə qarşılanır?
-İndi Çinin ABŞ-nin əsas rəqibi olması ilə bağlı açıqlamalar səsləndirilir. Azərbaycanın Çinlə yanaşı, ABŞ ilə münasibətlərində də strateji tərəfdaşlıq münasibətləri başlayıb. Bu fonda müəyyən problemlərin olacağı istisna deyil. Amma belə məsələ var ki, Rusiya və İran da Çinlə müəyyən əməkdaşlıq edirlər. Xarici tərəfdaşlarla hansısa problemin olacağını da düşünmürəm. Hazırda Hindistanın ritorikası maraqlarımızı təhdid edir. Amma Çinlə qurulan əlaqələrin Azərbaycan maraqlarına cavab verdiyi qənaətindəyəm.
-Çin Zəngəzur dəhlizinin açılmasına hansı töhfə verə bilər?
-Orta yol bəzi şəxslər tərəfindən ABŞ layihəsi kimi başa düşülür. Lakin Çin geopolitikasının fəlsəfəsi məhz orta yoldur. Bu söz hərfi mənada başa düşülməməlidir. Fəlsəfi baxımından Çin geopolitikasının adı orta yoldur. Bu, dünyadakı münaqişələrdən imtina edərək dövlətləri iqtisadi cəhətdən güclənməyə çağırır. O baxımdan Çin orta yolda logistika və ticarətin inkişafı üçün əlindən gələni edəcək deyə düşünürəm.
-Azərbaycanın ABŞ və Çin ilə qurduğu münasibətlər qərb və şərq arasında körpü rolunu oynaya bilərmi?
-Söhbət iqtisadi-tranzitdən gedirsə, Azərbaycan zatən dünyada körpü rolunu oynayır. Amma real mənada Azərbaycanın belə iddiada olması ciddi görünməzdi. Bizim dövlət quruculuğumuzun əsasında duran prinsiplər azadlıq, demokratiya, insan hüquqlarına hörmət edilən cəmiyyətin olmasıdır. Bu prinsiplər keçən əsrin əvvəllərində də var idi. Amma təbii ki, burada söhbət coğrafi mənada qərbləşməkdən getmir. Məncə, Azərbaycan mövcud strateji vəziyyətində qalmalıdır. Məlumdur ki, Çində kommunist partiyası hakimiyyətdədir, avtoritar idarəçilikdir. Bu baxımdan Çin bizim üçün bəzi məsələlərdə nümunə ola bilməz. Hazırda qərbləşmək sözünü də işlətmək lazım deyil. Çinlə münasibətlərdə hər zaman buna diqqət də etmək lazımdır. Azərbaycan hazırda qlobal məsələlərin obyektindən subyektinə çevrilir.
Ayhan
15:01 10.09.2025
Oxunuş sayı: 828