İsrailin Dohaya hava hücumu 9 milyon dollara başa gəlib

Dünən gündüz saatlarında İsrail Qətərin paytaxtı Dohada HAMAS rəhbərliyini zərərsizləşdirmək məqsədilə genişmiqyaslı hava əməliyyatı həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Əməliyyata İsrail Hərbi Hava Qüvvələrinin təxminən 10 qırıcı təyyarəsi cəlb olunub. Onlar İsraildən Dohaya qədər 1 800 km məsafə qət edərək HAMAS liderlərinin olduğu villaya dəqiq aviasiya zərbələri endiriblər. Bir neçə saniyə ərzində buraxılan ondan çox idarəolunan raketin hamısı hədəfə dəyib.
Qeyd edək ki, missiya zamanı bir neçə dəfə havada yanacaq doldurulub. Qırıcılarla yanaşı pilotsuz uçuş aparatları da iştirak edib, zərbələrin dəqiqliyini izləyib. İstifadə edilən “ağıllı” raketlərin hər biri adi sursatlardan daha bahalıdır. Onlarla raketin ümumi dəyəri 5–10 milyon dollar civarında qiymətləndirilir.
Əməliyyatda, ehtimal ki, F-15 və F-35 qırıcılarından istifadə olunub. Hər bir təyyarənin uçuş müddəti, yanacaq doldurmalar da daxil olmaqla, 5–6 saat davam edib.
Bu tip müasir qırıcıların istismar xərci yüksəkdir. F-15 və F-16-ların bir saatlıq uçuşu 30–60 min dollara başa gəlir. Ümumi uçuş və texniki xidmət xərcləri 1–1,5 milyon dollar təşkil edib.
Bildirək ki, hər bir təyyarə əməliyyat zamanı 8–10 ton yanacaq sərf edib. Yalnız yanacaq xərcləri təxminən 100 min dollar olub. Lakin prosesə 2–3 ədəd yanacaqdaşıyan təyyarə də cəlb edildiyindən xərclər daha da artıb.
Bütün göstəricilər nəzərə alındıqda, İsrailin Dohaya təşkil etdiyi bu hücumun ümumi dəyəri 30–40 milyon şekel (təxminən 9 milyon dollar) olub. Müqayisə üçün, Tehrana qarşı gecə reydlərinin dəyəri 240–250 milyon şekel (72 milyon dollar) təşkil etmişdi.
Qiymətləndirmələr yalnız hərbi xərclərlə məhdudlaşır. Əməliyyatın siyasi-diplomatik nəticələri, o cümlədən Qətər, İran və husilərin mümkün cavab addımları əlavə risk kimi göstərilir. Qeyd edək ki, İsrail Müdafiə Büdcəsi 2025-ci il üçün 28 milyard şekel (8,4 milyard dollar) artırılıb.
Xumar Emilqızı
16:15 10.09.2025
Oxunuş sayı: 900