"VFS Global"–"Meqa Sığorta"nın yaratdığı problemə DÖVLƏT QURUMUNDAN REAKSİYA
Xaricdə təhsil üçün viza almaq istəyən azərbaycanlı tələbələrin üzləşdiyi problemi bir neçə gündür araşdırırıq və işıqlandırırıq. Məlumat üçün bildirək ki, “VFS Global” viza şirkəti ilə “Meqa Sığorta”nın gizli “sövdələşməsi” xaricdə təhsil almaq istəyən gənclərin, ailələrinin ciddi narazılığına və süni maneələrlə üzləşməsinə səbəb olub. Çünki onlar viza almaq üçün “VFS”-in yaratdığı çətinliklərlə üzləşir, bu da tələbələrin əlavə xərclə yüklənməsinə, vaxt itirməsinə, motivasiyalarının düşməsinə, stress yaşamasına səbəb olur.
“VFS Global” ilə bağlı tələbələrin sığorta sənədi problemi artıq yeni məsələ deyil. Crossmedia.az olaraq bu məsələni yuxarıda da qeyd etdiyimiz kimi araşdırırıq və işıqlandırırıq. Məhz bu səbəbdən şirkətin təmsilçilərinin törətdiyi qanunsuzluq artıq geniş ictimaiyyətə bəlli olmaqdadır.
Araşdırmamız nəticəsində bəlli olub ki, problem hələ də aradan qalxmayıb. Tələbələr haqlı olaraq bildirir ki, onlar viza sənədlərini hazırlayarkən sığorta ilə bağlı əvvəlcədən aydın məlumatlandırılmırlar. Sonda isə başqa sığorta şirkətindən əldə edilmiş sənədin qəbul edilmədiyi, qanunsuz olsa da yalnız “Meqa Sığorta”dan, yaxud da İtaliyda qeydiyyatda olan şirkətlərdən birindən alınmalı olduğu bildirilir. Bu davranış artıq ciddi sosial narazılığa səbəb olub. Çoxsaylı tələbə və onların ailə üzvləri narazıdırlar.
“Meqa Sığorta” baş verən qanunsuzluqlarla bağlı Crossmedia.az-ın sorğusunu cavablandırıb. Bütün bunlara baxmayaraq gərginlik və narazılıq davam etməkdədir. Yeri gəlmişkən qeyd edək ki, “Mega Sığorta” ötən il 200 AZN olan xidmətin ödənişini birdən-birə əlli faiz qaldıraraq 300 AZN edib. Bahalaşmanın və məhz niyə bu qiymət taarifinin tətbiq edilməsi isə izah edilmir.
“VFS Global” şirkətinin nümayəndələri isə bizimlə danışıqlarda belə bir halın olmasını inkar edirlər. Lakin tələbələrin qarşılaşdığı problem bunun əksini deyir. Məsələ öz həllini tapmayıb. Müraciət edən tələbələr birmənalı və qanunsuz olaraq ancaq “Meqa Sığorta”ya yönəldilirlər. Bu durumda ortaya kifayət qədər ciddi suallar çıxır: “VFS Global” hansı əsasla tələbələrə sığortanın məhz “Meqa Sığorta”dan alınmalı olduğunu bildirir? Tələbələr pul ödəyir, sənədlərini hazırlayır, vaxt itirir və viza müraciətinin taleyini gözləyirlər. Son mərhələdə sığorta ilə bağlı yeni və qanunsuz tələb irəli sürülməsi isə onlar üçün əlavə maliyyə və vaxt itkisi yaradır.
Viza müraciəti prosesində bu cür qanunsuzluğa yol verilməməlidir. Tələbələr “Paşa siğorta”dan, “Atəşgah Siğorta”dan, yaxud Ukraynadan və ya başqa bir ölkədəki sığorta şirkətlərindən də sənəd alıb təqdim edə bilərlər. Üstəlik, “Meqa Sığorta” “VFS Global” ilə əməkdaşlığının olmadığını bildirirsə, bu məsələ artıq daha ciddi və şəffaf izah tələb edir. Bu qanunsuzluq tez zamanda həllini tapmalıdır. “VFS Global”dan gözlənti sadədir: sığorta monopoliyasını ləğv etməli, tələbələrin narazılığına səbəb olan problemin böyüyüb bu mərhələyə çatmasına imkan verməməli, Azərbaycan Respublikası daxilində tələbə etirazına gətirib çıxara biləcək, İtaliya-Azərbaycan münasibətlərini, Azərbaycanla digər Avropa ölkələrinin münasibətlərini zədələyəcək addımlar atmamamlıdır. Əks halda viza üçün sənədlərini hazırlayaraq tamamlamış tələbənin son anda geri qaytarılması, “Meqa Sığorta”nın sənədinin tələb edilməsi qanunsuzdur, vətəndaşların əlavə xərcə, gərginliyə düşməsinə səbəb olur və haqlı narazılığı daha da artırır. Redaksiyamız bu məsələni araşdırmağa davam edir.

Crossmedia.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildiririlib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar malların, işlərin, xidmətlərin və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi hüququna malikdirlər:
“Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.
İstehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir.
Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində bununla bağlı inzibati məsuliyyət nəzərdə tutulub.
Bildiririk ki, “VFS Global” şirkətinin xaricə təhsil almaq üçün gedən tələbələrdən sığorta sənədini yalnız “Meqa Sığorta”dan qəbul etməsi ilə bağlı Agentliyə hər hansı müraciət daxil olmamışdır”.
Agentlik əlavə olaraq bildiririb ki, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə əsasən, haqsız rəqabət – müvafiq bazarda üstünlük əldə etmək məqsədilə təsərrüfat subyektinin qanunvericiliyə və işgüzar ənənələrə zidd olan, habelə ədalətsiz üsullardan istifadə etməklə rəqib təsərrüfat subyektinə zərər vuran (vura bilən) və ya onların işgüzar nüfuzuna xələl gətirən (gətirə bilən) hərəkətlərdir:
“Rəqib isə müvafiq bazara məhsul çıxara bilən təsərrüfat subyektidir. Məcəlləyə əsasən, rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətlər hesab edilir. (Maddə 25.1.3, 25.1.5)
Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi sazişlər və uyğunlaşdırılmış hərəkətlər, habelə şaquli sazişlər qadağan edilir. Belə ki, alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması və ya bununla əlaqədar məlumat mübadiləsinin aparılması, bazarların, o cümlədən müştərilərin, satıcıların, ərazilərin, xammal mənbələrinin, yaxud məhsulun konkret növlərinin istehsalının (satışının) öz aralarında bölüşdürülməsi, digər təsərrüfat subyektləri ilə aparılan eyni və ya oxşar əməliyyatlara fərqli şərtlərin tətbiqi və bununla da onların rəqabətdə əlverişsiz vəziyyətə salınması, təkrarsatış qiymətinin müəyyənləşdirilməsi qadağan edilir və bağlanıldığı andan əhəmiyyətsizdir (Maddə 11.1.1, 11.1.3, 11.1.6, 12.1.1).
Təsərrüfat subyekti hökmran mövqedə olduqda və müəyyən məhsulun təqdim edilməsi ilə bağlı digər subyektlərlə əlaqəli olaraq fəaliyyət göstərdikdə hökmran mövqedə olan təsərrüfat subyektinin bir sıra hərəkətləri də Rəqabət Məcəlləsinə əsasən qadağan edilmişdir. Belə ki, müştərilərin mənafeyinə zidd olaraq istehsalın, satışın və ya texniki inkişafın (o cümlədən yeni texnologiyanın tətbiqinin) məhdudlaşdırılması, bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi və ya məhsulun məcburi əlavə çeşidlə satışı, müqavilənin bağlanılmasının onun predmeti ilə birbaşa əlaqəsi olmayan, yəni mahiyyətindən və kommersiya istifadəsindən asılı olmayan əlavə öhdəliklərin daxil edilməsi ilə şərtləndirilməsi, hökmran mövqedə olan təsərrüfat subyektinə rəqib olmayan, lakin bir-biri ilə rəqib olan təsərrüfat subyektləri ilə bağlanılan eyni növ müqavilələrə obyektiv əsaslar olmadan fərqli şərtlərin (ayrı-seçkilik hallarının) tətbiqi ilə onların rəqabətdə əlverişsiz vəziyyətə salınması halları hökmran mövqedən sui-istifadə hesab edilir (Maddə 16.2.3, 16.2.11).
Məlumat üçün bildiririk ki, rəqabət qanunvericiliyinin pozulması haqqında müraciət edən şəxslər tərəfindən rəqabət orqanına rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli, yaxud notariat qaydasında təsdiq edilmiş surətləri, rəqabət qanunvericiliyinin pozulması faktını təsdiq edən əşya və materiallar, habelə xarici dillərdə olan sənədlərin Azərbaycan dilinə tam və dəqiq tərcümə olunmaqla notariat qaydasında təsdiq edilmiş əsli və ya surəti təqdim edilməlidir. (Maddə 43.2)
Məcəlləyə əsasən, şikayət ərizəsi ilə müraciət edən hər bir şəxs qanun pozuntusunun onun qanuni marağına toxunduğunu sübut etməlidir. (Maddə 43.3, 43.4) Rəqabət qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət edilən bazar subyektləri barədə məlumatlar, müraciət edənin tələblərinin mahiyyəti göstərilməli, rəqabət qanunvericiliyinin pozulması faktı izah olunmalıdır.
Odur ki, rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Agentliyə müraciət olunduğu təqdirdə qeyd olunan məsələ araşdırıla bilər”.
Məhəbbət Tərlanoğlu
16:45 11.09.2026
Oxunuş sayı: 59