Öd kisəsi olmadan yaşamaq mümkündürmü?
Öd kisəsi ilə bağlı problemlər zamanı ən çox verilən suallardan biri əməliyyatdan sonra həzm prosesinin necə davam etməsi ilə bağlıdır. Xüsusilə öd kisəsi çıxarıldıqdan sonra ödün fəaliyyətinin dayanıb-dayanmadığı pasiyentlərdə narahatlıq yaradır. Halbuki öd kisəsinin çıxarılması qaraciyərin öd istehsalını dayandırması demək deyil. Bununla yanaşı, öd daşı xəstəliyi və öd kisəsində aşkarlanan bəzi törəmələr cərrahi müdaxiləyə ehtiyac yarada bilər. Bəs hansı hallarda öd kisəsinin çıxarılması zəruri hesab olunur və əməliyyatdan sonra orqanizmdə hansı proseslər davam edir?
Mövzu ilə bağlı terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, öd kisəsi çıxarıldıqdan sonra qaraciyər öd və öd turşularını sintez etməyə davam edir:
“Öd kisəsi qaraciyərin altında yerləşən bir orqandır. Qaraciyərdaxili öd yollarında hazırlanan öd turşularının öd kisəsinə tökülməsi və oradan onikibarmaq bağırsağa açılması nəticəsində insanın həzm prosesində iştirak edən vacib bir orqandır.
Bəzən belə bir sual yaranır: “Öd kisəsi əməliyyatı olunmuş insanda ödün fəaliyyəti dayanırmı?” Xeyr. Öd kisəsi olmasa belə, qaraciyərdaxili öd yollarında yenə də öd və öd turşuları sintez olunur. Onlar da yağların, eləcə də yağda həll olan A, D, E, K vitaminlərinin parçalanmasında bilavasitə iştirak edirlər. Qeyd etmək lazımdır ki, xəstədə öd daşı xəstəliyi varsa və bu, tutmaşəkilli şiddətli sancılara, intoksikasiya əlamətlərinə, ürəkbulanmaya, qusmaya və güclü ağrılara səbəb olursa, yəni xəstə mütəmadi olaraq təcili tibbi yardıma müraciət edirsə, öd kisəsinin çıxarılması məsləhətdir. Öd kisəsi götürülsə də, qaraciyərdaxili öd yolları öz fəaliyyətini davam etdirir".
Həkim qeyd edib ki, bundan əlavə, bəzi hallarda öd kisəsinin daxilində müxtəlif xoşxassəli və ya bədxassəli törəmələrin əmələ gəlmə ehtimalı var: "Bədxassəli törəmələrin yaranma ehtimalı aşağı olsa da, öd kisəsində poliplər formalaşarsa, onların ölçüsü 10 mm-dən böyük olduqda və ya bir neçə sayda polip müşahidə edildikdə, bu xəstələr cərrahi müalicəyə göstəriş sayılır.”
Zeynəb Həsən
15:30 11.09.2026
Oxunuş sayı: 53