İqtisadiyyat İnstitutunda doktoranturaya qəbul imtahanları keçirilir
Sentyabrın 8-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktoranturasına iqtisadiyyat üzrə fəlsəfə doktoru hazırlığı proqramı üzrə ixtisas fənnindən qəbul imtahanlarına start verilib. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul” qərarına əsasən aparılır.
Crossmedia.az xəbər verir ki, üç gün ərzində (8-9-10 sentyabr) 7 ixtisas - Daxili fiskal siyasət və dövlət maliyyəsi, Texnoloji innovasiyalar iqtisadiyyatı, İqtisadi nəzəriyyə, Ümumi iqtisadiyyat, Dünya iqtisadiyyatı, Sənayenin təşkili və dövlət siyasəti, Sahə iqtisadiyyatı üzrə qəbul imtahanları keçiriləcək.
İnstitutun icraçı direktoru, dosent Famil Rüstəmovun sədrliyi ilə müvafiq imtahan komissiyaları yaradılıb. İmtahanlarda doktorturaya qəbul üzrə ingilis dili və fəlsəfə fənnlərindən uğurla keçmiş 35 nəfər iddiaçı iştirak edir. Plan yerlərinin sayı 24-dür.
İqtisadiyyat İnstitutunda doktoranturaya qəbul prosesində bir sıra yeniliklər də edilib. Belə ki, imtahan prosesinin daha da şaffaflaşdırılması və elektronlaşdırılması istiqamətində yeniliklər tədbiq olunur. İmtahan zalında yerləşdilrilmiş elektron tabloda imtahan verən iddiaçıların adları, bilet nömrələri, biletə düşən suallar, imtahanın başlama və davam etmə vaxtı öz əksini tapır. Bütün proses iddiaçıların hamısının birgə iştirakı ilə keçirilir.
İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva bildirib ki, doktoranturaya qəbul olanların adları yaxın günlərdə açıqlanacaq.
15:34 08.09.2026
Oxunuş sayı: 43