Britaniyada böyük kiberhücumun yeni detalları üzə çıxdı
Britaniyanın üç hava limanını idarə edən operatora kiberhücum edən hakerlər siyasətçilər, hakimlər, məşhurlar, müdafiə sektoru əməkdaşları və hərbçilərin şəxsi məlumatlarını “darknet”də yayıblar.
Crossmedia.az xəbər verir ki, “Daily Mail” bu barədə məlumat yayıb.Nəşrin məlumatına görə, hakerlər Britaniyanın Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinin planlaşdırılan səfərləri ilə bağlı məxfi məlumatları da yayımlayıblar. Bundan əlavə, parlament əməkdaşlarının, Daxili İşlər Nazirliyi işçilərinin, İngiltərə Bankı əməkdaşlarının və hərbçilərin səfərləri barədə məlumatlar açıq internetə çıxarılıb.
Avqustun sonunda “The Guardian” Mançester, East Midlands və Londonun Stansted hava limanlarının kiberhücuma məruz qaldığını yazmışdı. Həmin vaxt hakerlərin təxminən 8,7 milyon müştərinin məlumatlarına çıxış əldə etdiyi bildirilmişdi.
Hava limanlarını idarə edən Manchester Airports Group şirkəti hakerlərin istifadəçilərin elektron poçt ünvanlarını, telefon nömrələrini, avtomobil qeydiyyat nişanlarını və poçt indekslərini ələ keçirdiyini açıqlamışdı.
Şirkət sərnişinlərin təhlükəsizliyinə və hava limanlarının fəaliyyətinə zərər dəymədiyini bildirmişdi. Həmçinin vurğulanmışdı ki, sındırılan sistemdə bank hesabları və ödəniş məlumatları saxlanılmayıb.
Bundan əvvəl hakerlərin Latviyanın Dövlət Yol Polisi sistemindən 1,2 milyon sakinin məlumatlarını oğurladığı bildirilmişdi.
09:34 06.09.2026
Oxunuş sayı: 46