Alimlərin tədqiqat işi üçün bu qədər pul ayrıldı
Dünyanın aparıcı dövlətləri arasında elmi potensial uğrunda rəqabət getdikcə güclənir. Ölkələr yalnız yeni texnologiyalara və elmi layihələrə sərmayə yatırmaqla kifayətlənmir, eyni zamanda dünyanın müxtəlif universitet və tədqiqat mərkəzlərində çalışan aparıcı alimləri öz ölkələrinə cəlb etməyə çalışırlar.
Kanada da bu istiqamətdə növbəti addımını atıb. Ölkənin dünyanın aparıcı elm insanlarını cəlb etmək məqsədilə başladığı proqramın ilk nəticələrinə əsasən, 64 professor elmi tədqiqatlar üçün ümumilikdə 541 milyon dollar maliyyə vəsaiti əldə edib. Cəlb olunan alimlərin təxminən dörddə üçünün ABŞ-nin ali təhsil müəssisələrindən olduğu bildirilir. Bu proses qlobal miqyasda elmi potensial uğrunda rəqabətin yeni mərhələyə keçdiyini göstərir.
Mövzu ilə bağlı akademik Nizami Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, Kanadanın elmin inkişafına böyük sərmayə qoyması yeni hadisə deyil və XX əsrdən etibarən böyük dövlətlərin təcrübəsində bu cür proseslər geniş yayılıb;
“Kanadanın elmin inkişafına böyük sərmayə qoyması, əlbəttə ki, yeni hadisə deyil. XX əsrdən başlayaraq böyük ölkələrin təcrübəsində bu proses geniş yayılıb və buna çoxlu nümunə gətirmək olar.

Məsələn, bir vaxtlar SSRİ elmə böyük vəsait ayırırdı və buna görə də ölkədə elm yüksək sürətlə inkişaf edirdi. Lakin sonradan SSRİ elmi ideologiya, hərbiləşmə və dünya ağalığına cəhdlə əvəz etdi. Vəsaitlər daha çox bu istiqamətlərə yönəldiyi üçün elmdən uzaqlaşıldı və SSRİ-nin elmi səviyyəsi kifayət qədər geri qaldı.
Eyni vəziyyət Amerika Birləşmiş Ştatlarında da müşahidə olunur. ABŞ da son zamanlara qədər elmə böyük vəsait ayırırdı. Lakin son onilliklərdə diqqət daha çox siyasətə, hərbiləşməyə və dünya ağalığına yönəldiyi üçün elmə olan maraq azaldı.
Hazırda bu sahədə Çin daha fəaldır. Çünki Çinin geniş imkanları, böyük vəsaiti, inkişaf etmiş texnologiyaları və kifayət qədər insan qüvvəsi var. Buna baxmayaraq, belə ölkələr yenə də dünyanın müxtəlif yerlərindən mütəxəssislər cəlb edir və onları maliyyələşdirirlər.
Görünür, insan potensialı nə qədər çox olsa da, elmə xidmət etməyi qarşısına məqsəd qoyan ölkələr yalnız öz resursları ilə kifayətlənmir, bütün dünya insanının təfəkkürünə sahib çıxmaq istəyirlər. Bu da çox qanunauyğun bir haldır.
Bu gün eyni mənzərə Çində görünür. Böyük vəsaitlər ayrılır, gənc mütəxəssislər cəlb olunur. Xüsusilə tibb, kompüter texnologiyaları, informasiya-kommunikasiya sahələri və müəyyən dərəcədə humanitar elmlər ön plana çıxır. Çünki elmin inkişaf təcrübəsi göstərir ki, humanitar sahə və insan mənəviyyatı geri qaldıqca, böyük elmi-texniki kəşflər bəşəriyyətə xoşbəxtlik gətirmir.
Çinin dünya ağalığı cəhdlərinin onun elmə olan həvəsini nə zaman üstələyəcəyini demək çətindir. Hazırda isə maliyyə imkanları olan müxtəlif ölkələr, o cümlədən Kanada bu istiqamətdə önə çıxır. Kanadanın imkanları genişdir və onun bu sahədə fərqlənmək cəhdi təsadüfi sayıla bilməz.
Hətta Azərbaycandan da xeyli mütəxəssis Kanadaya gedərək texniki, humanitar, ictimai-siyasi və ideoloji sahələrdə fəaliyyət göstərir.
Təbii ki, Kanadanın Çinlə müqayisədə çox böyük işlər görə biləcəyinə o qədər də inanmıram. Lakin buna baxmayaraq, elmin dəstəklənməsi və elmi-texniki tərəqqinin maliyyələşdirilməsi təqdirəlayiqdir.
Görünür, elmin tərəqqisini dünya miqyasında, xüsusilə UNESCO səviyyəsində birləşdirmək lazımdır. Hərçənd UNESCO da artıq siyasətə qoşulduğu üçün ona bəslənən ümidləri tam doğrultmur və öz funksiyasını lazımi səviyyədə yerinə yetirmək imkanlarını itirir.
Əsl, həqiqi böyük elm üçün maliyyə vəsaitinin təminatı şəffaf olmalıdır. Əgər maliyyə vəsaiti siyasi-ideoloji məqsədlərə, dövlət çevrilişlərinə və ya siyasi konyunkturaya xərclənirsə, orada əsas məqsəd elm hesab oluna bilməz”.
Zeynəb Həsən
18:00 05.09.2026
Oxunuş sayı: 57