Malayziyada erkən seçki ehtimalı gündəmdədir
Malayziyanın Baş naziri Ənvər İbrahim növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı çağırışları nəzərdən keçirəcəyini bildirib, lakin hökumətin sabit olduğunu və əsas diqqətin iqtisadiyyat, əhalinin rifahı və korrupsiyaya qarşı mübarizəyə yönəldiyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Channel News Asia bu barədə məlumat yayıb.
Ənvər İbrahim erkən seçki ilə bağlı qərarın hərtərəfli müzakirədən sonra veriləcəyini və bunun ardınca parlamentin buraxılması məsələsinin Malayziya kralı Sultan İbrahim İsgəndərə təqdim ediləcəyini deyib.
Bu açıqlama Baş nazirin müavini Əhməd Zahid Həmidi və Malayziya İslam Partiyasının sədri Abdul Hadi Avanqın seçkinin daha erkən keçirilməsi ilə bağlı çağırışlarından sonra səsləndirilib.
Ənvər İbrahim bildirib ki, hazırda hökumətin əsas prioritetləri iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin rifahının yaxşılaşdırılması, korrupsiya və vəzifədən sui-istifadə hallarının qarşısının alınmasıdır. O, hökumətin sabitliyini qoruduğunu və bu məsələlərə diqqət yetirməli olduğunu qeyd edib.
Malayziyada növbəti ümumi seçki ən geci 2028-ci ilin fevralında keçirilməlidir.
13:58 05.09.2026
Oxunuş sayı: 49