İstilik sistemində bu il hansı dəyişikliklər nəzərdə tutulub? - Azəristilikdən açıqlama
Qarşıdan qış mövsümü gəlir. Soyuqların düşməsi ilə əlaqədar olaraq bir sıra sahələrdə qışa hazırlıq üçün xüsusi tədbirlər görülür. Bəs Azəristiliktəchizat qış mövsümü ilə bağlı hansı tədbirləri görüb, dəyişikliklər edib?
Crossmedia.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları"na əsasən payız-qış mövsümü Qaydalarda göstərilən ərazilərdə 1 noyabr -1 may, Bakı şəhəri və respublikanın digər ərazilərində isə 15 noyabr-15 aprel tarixlərini əhatə edir.
Mövsümün başlanması barədə istehlakçılara 10 gün əvvəl rəsmi internet səhifəmizdə, kütləvi informasiya vasitələrində (KİV), habelə yaşayış binalarının girişlərində elanlar vurulmaqla məlumat verilir. Qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə istisna hallarda imkan verir. Mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir.
Qaydalara əsasən, 1 noyabr-1 may tarixləri aşağıdakı ərazilər üçün nəzərdə tutulur: Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala".
Ayhan
15:42 23.10.2026
Oxunuş sayı: 56