“Konstitusiya və Suverenlik İli” milli birlik rəmzinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünə həsr olunub.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi heç də təsadüfi deyil. Deputat vurğulayıb:
“Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamda da qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub”.
Müşfiq Cəfərov həmçinin əlavə edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Deputatın sözlərinə görə, bu mühüm nailiyyətlər Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərqərar olduğu bütöv və suveren Azərbaycan anlayışını möhkəmləndirib.
“Konstitusiyamızın təməl prinsiplərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının 5-ci ildönümünün və Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümünün üst-üstə düşməsi, 2025-ci ilin ən yeni tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olmasını təmin edir,” – deyə deputat əlavə edib.
Müşfiq Cəfərov əminliklə bildirib ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. “İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək,” – deyə o qeyd edib.
Nihat Tahirov
11:38 30.12.2024
Oxunuş sayı: 7671