Yüksək bal toplayan tələbələr gələcəkdə uğursuz olur?
Ali məktəblərə yüksək balla qəbul olan abituriyentlərin gələcək karyerası və əmək bazarındakı uğuru hər il müzakirə olunan məsələlərdəndir. Cəmiyyətdə yüksək nəticə göstərən gənclərin gələcəkdə mütləq daha uğurlu olacağı ilə bağlı formalaşmış fikir olsa da, mütəxəssislər hesab edirlər ki, qəbul imtahanında yüksək bal toplamaq təkbaşına peşəkar uğura zəmanət vermir.
Ekspertlərin fikrincə, ali təhsil müəssisəsinə qəbul olduqdan sonra əldə olunan biliklərin inkişaf etdirilməsi, praktiki bacarıqların qazanılması, təcrübə və könüllülük proqramlarında iştirak, eləcə də xarici dil biliklərinin artırılması gəncin gələcək karyerasında mühüm rol oynayır. Əks halda, yüksək balla ən nüfuzlu ixtisaslara qəbul olan məzunların belə əmək bazarında iş tapmaqda çətinlik çəkməsi mümkündür.
Təhsil eksperti Ramin Nurəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, yüksək bal toplayan tələbələrin gələcək həyatda həmişə daha uğurlu olacağını demək mümkün deyil:
“Faiz nisbəti ilə qiymətləndirsək, yüksək bal toplayan tələbələr ali təhsil müəssisəsində ixtisasları üzrə bilik və bacarıqlarını inkişaf etdirər, təcrübə və könüllülük proqramlarına qoşular, müəyyən təcrübə keçərlərsə, əlbəttə ki, gələcəkdə uğur qazanacaqlarını ehtimal etmək olar.
Lakin təəssüf ki, bəzi hallarda yüksək bal toplayan gənclərin sonrakı nəticələrində müəyyən narahatlıqlar görünür. Onlar ali təhsil müəssisəsinə qəbul olunduqdan sonra bilik və bacarıqlarını inkişaf etdirmir, səhlənkarlıq edirlər. Bu səbəbdən də onların sonrakı fəaliyyətini müsbət qiymətləndirmək mümkün olmur.

Həyatda uğur qazanmaq üçün əsas prioritet gənclərin öz ixtisasları üzrə bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirməsidir. Biz bəzən ən nüfuzlu ixtisaslara, məsələn, hüquqşünaslığa yüksək balla qəbul olub bitirən, lakin hazırda əmək bazarında iş tapa bilməyən gənclərlə qarşılaşırıq.
Bunun müxtəlif səbəbləri var: tələbəlik dövründə təcrübə proqramlarına qoşulmamaq, özünü təkmilləşdirməmək və praktiki bacarıqlar qazanmamaq. Bu da gələcəkdə əmək bazarına inteqrasiya zamanı müəyyən problemlər yaradır.
İstər aşağı, istərsə də yüksək bal toplamasından asılı olmayaraq, əsas məsələ gəncin ixtisası üzrə bilik və bacarıqlarını, eləcə də dil biliyini inkişaf etdirməsidir. Tələbələr dövlət qurumlarında və ya özəl sektorda yay tətilləri dövründə müstəqil şəkildə təcrübə proqramlarına və stajlara qoşulmalıdırlar. Hətta ödənişsiz olsa belə, bu stajları keçmək gələcəkdə əmək bazarında müsbət nəticə əldə etmək üçün vacib amildir.
Dövrün tələbi nədirsə, gənc onu mənimsəməyə məcburdur. Artıq sosializm cəmiyyəti deyil ki, universiteti bitirən kimi kimsə hazır işlə təmin olunsun. İndiki kapitalizm cəmiyyətində işəgötürən hər zaman ən yaxşısını seçməyə çalışır.
Ona görə də ixtisası mükəmməl bilmək və sahənin ən yaxşısı olmaq lazımdır. Hətta ən sıravi hesab edilən ixtisas sahibi belə öz üzərində yaxşı işləyərsə, əmək bazarında özünə layiqli yer tuta bilər.
Akademik biliklərin və yüksək qiymətlərin şəxsi və peşəkar həyatdakı uğura müsbət təsirini danmaq olmaz. Tələbə akademik karyerasını magistratura pilləsi üzrə davam etdirərsə, dil biliklərini artırarsa və peşəkar fəaliyyətini düzgün yönəldərsə, əmək bazarında çətinlik çəkmədən uğur qazana bilər”.
Zeynəb Həsən
16:30 04.09.2026
Oxunuş sayı: 49