Hindistan İndus sazişini dayandıra bilməz
Haaqadakı Daimi Arbitraj Məhkəməsi Hindistanın İndus Suları Müqaviləsini birtərəfli qaydada dayandırmaq, ləğv etmək və ya qüvvəsini müvəqqəti dayandırmaq hüququnun olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Daimi Arbitraj Məhkəməsi” bu barədə məlumat yayıb.
Məhkəmə yekdilliklə qəbul etdiyi qərarda 1960-cı ildə imzalanmış İndus Suları Müqaviləsinin tam qüvvədə qaldığını və Hindistan üçün məcburi olduğunu qeyd edib.
Qərarda Hindistanın müqavilənin dayandırılması ilə bağlı irəli sürdüyü suverenlik, Pakistanın müqaviləni ciddi şəkildə pozması, terrorizm, şəraitin dəyişməsi, silahlı münaqişə və əks-tədbirlər kimi əsaslar qəbul edilməyib.
Məhkəmənin mövqeyinə görə, müqavilə yalnız Pakistan və Hindistanın qarşılıqlı razılığı əsasında yeni saziş imzalanmaqla dəyişdirilə və ya ləğv edilə bilər.
Eyni zamanda, məhkəmə Pakistanın “Ratle” Su Elektrik Stansiyası ilə bağlı tələb etdiyi üç müvəqqəti tədbiri təmin edib. Qərara əsasən, Hindistan neytral ekspertin yekun qərarınadək bənd divarının və suqəbuledici qurğunun müəyyən hissələrində nəzərdə tutulan səviyyədən artıq betonlama işləri apara bilməz.
Hindistan həmçinin “Ratle” layihəsinin tikinti qrafikində baş verən dəyişikliklər barədə məlumat təqdim etməlidir.
Bu məhdudiyyətlər neytral ekspertin yekun qərarından sonra daha 90 gün qüvvədə qalacaq. Ekspertin qərarının 2027-ci ilin iyulunda açıqlanacağı gözlənilir.
12:15 01.09.2026
Oxunuş sayı: 49