“Alyans" Gənclər Mərkəzi yeni layihəyə start verib
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərin, xüsusilə narkomaniyanın fəsadları barədə məlumatlılıq səviyyəsini artırmaq və yeniyetmələri bu kimi təhlükələrdən qorumaq məqsədilə yeni layihəyə başlayıb.
Crossmedia.az xəbər verir ki, “Alyans” Gənclər Mərkəzinin "Ahəng" gənclər qrupu bu məqsədlə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə çıxış edənlər narkotik asılılığının fərdin fiziki və psixoloji sağlamlığına, eləcə də cəmiyyətə vurduğu ağır zərbələrdən söz açıblar. Qeyd olunub ki, bu cür sosial bəlalarla mübarizədə gənclərin fəallığı və maarifləndirmə işlərinin davamlı təşkili müstəsna əhəmiyyət kəsb edir.
Məlumat üçün bildiriək ki, "Ahəng" gənclər qrupu Gürcüstanda yaşayan azərbaycanlı gəncləri bir araya gətirən, mədəni-ictimai və incəsənətyönümlü mühüm təşəbbüsdür. Qrup gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potesialının üzə çıxarılması və müxtəlif sosial layihələr vasitəsilə cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə davamlı dəstək verir.
Qrupun rəhbəri Dinar Əhmədov bildirib ki, bu cür maarifləndirici görüşlərin keçirilməsi gənc nəslin sağlam gələcəyi üçün böyük əhəmiyyət kəsb edir: “Bizim əsas məqsədimiz gəncləri zərərli vərdişlərdən uzaq tutmaq, onları incəsənətə, təhsilə və cəmiyyət üçün faydalı olan sosial fəaliyyətlərə yönəltməkdir. Narkomaniya yalnız bir fərdin deyil, bütün cəmiyyətin problemidir və bu bəla ilə mübarizədə gənclərin birgə həmrəyliyi, məlumatlı olması həlledici rol oynayır”.
Çıxışlarda, həmçinin narkotik asılılığının insanın fiziki və psixoloji sağlamlığına vurduğu ağır zərbələr vurğulanıb, gənclərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə narkomanların acınacaqlı həyat tərzini və zərərli vərdişlərin ağır fəsadlarını əks etdirən səhnəciklər nümayiş etdirilib.
Bildirilib ki, qrupun gənclərinin iştirakı ilə əsrin bəlasını sosial şəbəkələrdə yayımlamaq və daha geniş kütləyə çatdırmaq məqsədilə mövzu ilə bağlı qısametrajlı film çəkilib.
17:54 31.08.2026
Oxunuş sayı: 44