Tibetdə daşqının miqyası gizlədilir?
Tibetdə baş verən dağıdıcı daşqının nəticələrinin Çin hakimiyyətinin açıqladığı rəqəmlərdən daha ağır olduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Tibet üzrə fəaliyyət göstərən “International Campaign for Tibet” təşkilatının məlumatına görə, ötən həftə baş verən daşqınlar nəticəsində bölgədə ən azı 300 ev dağılıb və itkin düşənlərin sayı rəsmi rəqəmlərdən xeyli çox ola bilər. Çin hakimiyyətinin açıqladığı məlumatda 16 nəfərin öldüyü, 546 nəfərin isə itkin düşdüyü bildirilir. İtkinlər arasında 261 xarici vətəndaşın olduğu qeyd edilir.
Təşkilatın rəhbəri Tenço Gyatso “The Guardian”a bildirib ki, Tibet ərazisində Sale, Serçunq, Labi və Rizi kəndləri daşqından ən çox zərər çəkən yaşayış məntəqələri arasında olub. Onun sözlərinə görə, bu kəndlərdə təxminən 300 ev dağılıb və çox sayda insanın taleyi hələ də məlum deyil.
Məlumata görə, avqustun 26-da buzlaqın çökməsi Nepal-Tibet sərhədində güclü daşqına səbəb olub. Nəticədə Nepal tərəfində ölənlərin sayı 900-ü keçib, 4 mindən çox insan isə itkin düşüb.
Təşkilat Tibetdə fəlakətlə bağlı məlumatların yayılmasının məhdudlaşdırıldığını da bildirib. Tibetdə təhlükəsizlik qüvvələrinin “yanlış fəlakət məlumatları” paylaşdıqları üçün ən azı 10 nəfər barəsində tədbir gördüyü qeyd olunur. “The Guardian” yazır ki, Tibetdə müstəqil məlumat əldə etmək və hadisələri yoxlamaq çətindir. Xarici jurnalistlərin bölgəyə çıxışı ciddi şəkildə məhdudlaşdırılır, yerli sakinlər isə məlumatları jurnalistlər və beynəlxalq təşkilatlarla paylaşdıqları üçün təzyiqlərlə üzləşə bilirlər.
15:47 31.08.2026
Oxunuş sayı: 49