Britaniyada ağır cinayət törədənlər üçün yeni məhdudiyyət tətbiq olunacaq
Böyük Britaniyada ağır seksual və zorakılıq cinayətləri törədən şəxslərin həbsdən azad edildikdən sonra hərəkət imkanlarını məhdudlaşdıran yeni sistem oktyabr ayından tətbiq ediləcək.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb. Yeni qaydalara əsasən, sınaq müddətində olan təhlükəli cinayətkarların hərəkət edə biləcəyi ərazilər ciddi şəkildə məhdudlaşdırılacaq. Onların yalnız bir neçə mil genişliyində müəyyən edilmiş zonalarda qalmasına icazə veriləcək. Ədliyyə naziri Aleks Norris bildirib ki, yeni sistem qurbanların təhlükəsizliyini artırmaq və cinayətkarlarla arzuolunmaz təmas riskini azaltmaq məqsədi daşıyır.
Sınaq müddəti üzrə nəzarət əməkdaşları hər bir cinayətkar üçün fərdi məhdudiyyət zonaları müəyyən edə biləcəklər. Yeni sərhədləri pozan şəxslər GPS vasitəsilə izlənəcək və qaydaları pozduqları halda yenidən həbsxanaya göndərilə bilərlər. Qeyd edək ki, hazırda tətbiq olunan “qadağan zonaları” əsasən cinayətkarların qurbanların evi və ya iş yeri kimi konkret məkanlara yaxınlaşmasını məhdudlaşdırır. Yeni sistem isə onların hərəkət edə biləcəyi əraziləri birbaşa müəyyənləşdirəcək.
13:08 25.08.2026
Oxunuş sayı: 53