Antik dövrün ilk kitabxanaları hansı zərurətdən yaranır və yaradılan ilk kitabxanaların funksiyası necə müəyyənləşdirilirdi? Kitabxanaların bu gün ən vacib sualı "ilk kitabxana harada yaranmışdır?" deyil, "ilk kitabxanaya nə üçün ehtiyac yaranmışdır?" sualıdır.
Kitabxanalar təsadüfən yaranmayıblar. İlk şəhər dövlətləri (Mesopotamiya, Misir) formalaşdıqca cəmiyyətin idarə olunması mürəkkəbləşirdi. Bu mürəkkəblik yeni informasiya problemini meydana çıxardı. Artıq hökmdar və ya kahinlər bütün məlumatları şəxsi yaddaşında saxlaya bilmirdi. Vergi məlumatları, torpaq qeydləri, ticarət müqavilələri, qanunlar, məhkəmə qərarları, dini mətnlər, astronomik müşahidələr, tibbi reseptlər toplanırdı. Beləliklə, ilk kitabxanalar əslində yaddaş çatışmazlığı problemini həll etmək üçün yarandı.
Cəmiyyətin kollektiv biliyi artır, insan beyninin imkanları isə demək olar ki, dəyişmirdi. Kitabxana məhz bu ziddiyyətin institusional həlli olaraq yaradıldı. Bunu informasiya mühəndisliyi baxımından belə ifadə etmək olar. İlk kitabxananın yaranmasının səbəbi kitab sevgisi deyildi. Onun yaranmasının səbəbi kollektiv yaddaşın idarə olunması zərurəti idi. Bu fikirdən irəli gələrək İlk kitabxanaların əsas funksiyalarını müəəyyənləşdirməyə çalışaq. Əgər antik kitabxanalara diqqət etsək, onların missiyasının müasir kitabxanalardan xeyli fərqləndiyini görərik.
I. Dövlət yaddaşının qorunması funksiyası. Ən qədim kitabxanaların əhəmiyyətli hissəsi saray və ya məbəd komplekslərində yerləşirdi. Onların əsas vəzifəsi dövlətin yaddaşını qorumaq idi.
II. Hüquqi informasiya, qanunlar saxlanılırdı, müqavilələr saxlanılırdı, vergi sənədləri saxlanılırdı. Bu, idarəetmənin əsasını təşkil edirdi.
III. Elmi müşahidələrin qorunması, astronomik qeydlər, təqvimlər, çay daşqınları, kənd təsərrüfatı məlumatları toplanırdı. Bu, ilk elmi məlumat bazaları hesab edilə bilər.
IV. Dini yaddaş, mərasimlər, ayinlər, ilahilər, miflər qorunurdu. Bu, kollektiv identikliyin qorunmasına xidmət edirdi.
V. Təhsil funksiyası daşıyırdı. Katiblər məhz kitabxanalarda hazırlanırdı. Deməli, kitabxana eyni zamanda təhsil müəssisəsi idi.
Antik dövrdə kitabxananın funksiyası tədricən dəyişir. Birinci mərhələ arxiv kimi işləyir. İkinci mərhələ idarəetmə mərkəzi kimi işləyir. Üçüncü mərhələ elm mərkəzinə çevrilir. Məsələn, İsgəndəriyyə kitabxanası yalnız kitab saxlamırdı. Orada alimlər yaşayır, müzakirə aparır, tərcümələr edir, yeni əsərlər yazırdılar. Marağa rəsədxanası kitabxanası da bu prinsiplə işləyib. Bu, artıq kollektiv idrak laboratoriyası idi. Kitabxanaların funksiyası cəmiyyətin mürəkkəbləşməsi ilə birlikdə dəyişirdi.

Kitabxana kollektiv idrakın texnoloji infrastrukturuna çevrilir. Əsas məqsəd isə həmişə eyni qalıb. İnsan cəmiyyətinin yaddaşını itirməkdən qorumaq. I nəsil kitabxanalar yaddaşı qoruyan kitabxanalardır (Əsas funksiya informasiyanı saxlama), II nəsil kitabxanalar Biliyi ötürən kitabxanalardır (Əsas funksiyası təhsil),III nəsil kitabxanalar Yeni bilik yaradan kitabxanalardır (Əsas funksiyası tədqiqat), IV nəsil kitabxanalar Kollektiv idrakı idarə edən kitabxanalardır (Əsas funksiyası biliyin inteqrasiyası, ekspertizası, analitik emalı və cəmiyyətin qərarvermə prosesinə informasiya dəstəyi).

Kitabxana tarixini "kitabların toplanması tarixi" kimi deyil, kollektiv idrakın idarə olunması institutunun təkamülü kimi öyrənmək daha məhsuldardır. Onda ilk kitabxanaların yaranması belə izah edilə bilər, -İlk kitabxanalar kitab saxlamaq üçün deyil, insan cəmiyyətinin artmaqda olan kollektiv yaddaşını idarə etmək üçün yaradılmışdır. Onların əsas funksiyası biliyin yalnız toplanması deyil, onun uzunmüddətli qorunması, idarə edilməsi və dövlətin, təhsilin və elmin informasiya ehtiyaclarının təmin edilməsi idi.
Belə bir radikal düşüncə də ortaya qoyula bilər. Bəlkə də kitabxananın tarixi hələ başa çatmayıb. Bəlkə indiyə qədər mövcud olmuş bütün kitabxanalar birinci inkişaf mərhələsinin kitabxanalarıdır. İkinci mərhələ isə yalnız indi, süni intellekt dövründə başlayır. Çünki ilk dəfə olaraq kitabxana məlumatı saxlamaqla kifayətlənməyəcək, onu əlaqələndirəcək, təhlil edəcək, ziddiyyətləri aşkar edəcək, yeni biliklərin yaranmasına fəal dəstək verəcək. Əgər bu baş verərsə, onda kitabxana ilk dəfə tarixində passiv yaddaş institutundan kollektiv idrakın aktiv mühəndislik sisteminə çevriləcək.
Antik və orta əsrlərdə kitabxanalar və kitabxanaçılar nüfuzlu idilər. Çünki o dövrdə bilik qıtlığı, informasiya əskikliyi mövcud idi. Kitab az idi, oxuya bilən insanlar da az idi. Əlyazmanı əldə etmək çətin idi. Elmi mətnlər nadir idi. Bu şəraitdə kitabxana cəmiyyətin ən qiymətli informasiya ehtiyatını saxlayırdı. Kitabxanaçı isə sadəcə kitab verən adam deyildi, onu qoruyan, onu tanıyan şəxs idi. O, katib idi, filoloq idi, tərcüməçi idi, biblioqraf idi, müəllim idi, bəzən filosof idi. Yəni kitabxanaçı kollektiv yaddaşın qoruyucusu idi. Bəs nə dəyişdi? Çap, internet, rəqəmsal texnologiyalar informasiyanın tirajlanmasını artırdıqca kitabxananın rolunu azaltdı. Eyni zamanda Cəmiyyətin informasiya modeli dəyişdi. Əvvəllər informasiya qıtlığı mövcud idi. Bu gün isə informasiya bolluğu mövcuddur. Bu halda kitabxanaçının funksiyası da dəyişməli idi. Amma maraqlıdır ki, bir çox ölkələrdə o dəyişmədi. Burada ciddi institusional problem görünür. Kitabxana XX əsrin sonuna qədər əsasən belə işləyirdi- ”topla, təsnif et, saxla, təqdim et”. Lakin XXI əsrin əsas problemi tamam başqadır. “Seç, qiymətləndir, inteqrasiya et, izah et, etibarlılığı müəyyən et”. Əgər kitabxana fəaliyyəti əvvəlki funksiyalarla qalırsa, onun nüfuzunun azalması təəccüblü deyil. Çünki, yeni sosial sifarişlər yoxdur.
Kitabxanaların nüfuzu ilə əlaqədar problemləri institusional adaptasiya problem də adlandırmaq olar. Yəni cəmiyyət dəyişdi, amma “kitabxana institutu” öz funksiyasını eyni sürətlə dəyişdirə bilmədi. Bunun nəticəsində onun sosial nüfuzu azalmağa başladı. Cəmiyyət inkişaf etdikcə kitabxananın və kitabxanaçının intellektual səviyyəsi, texnolojı bacarığı yüksəlməli idi. Bu, tamamilə məntiqli gözləntidir.
İnformasiyanın demokratikləşməsi kitabxananın eksklüziv mövqeyini zəiflədir. Əvvəllər kitabxana biliyə “giriş qapısı” idi. Bu gün isə qapılar çoxalıb və internet, elmi bazalar, süni intellekt, axtarış sistemləri bu monopoliyanı aradan qaldırıb. Beləliklə, kitabxana öz köhnə üstünlüyünü itirib. Amma bu, onun əhəmiyyətini mütləq azaltmır. Sadəcə, onun yeni funksiyasını tapmasını tələb edir. Bəlkə də problem kitabxanalarda deyil. Problem ondadır ki, cəmiyyət artıq kitabxanaya yeni sosial sifariş vermir. Antik dövrdə sifariş belə idi- "Biliyi qoru", Orta əsrlərdə- "Əlyazmaları köçür", XIX əsrdə- "Xalqı maarifləndir", XX əsrdə-"İnformasiyaya çıxışı təmin et". Bəs XXI əsrdə bu suala necə müəyyənləşdirək?
Kitabxana kollektiv idrakın mühəndisi olmalıdır. Bu o deməkdir ki, kitabxana yalnız kitab saxlayan müəssisə deyil, həm də cəmiyyət üçün etibarlı biliyi seçən, müxtəlif mənbələri müqayisə edən, dezinformasiyanı ayırd edən, yeni biliklərin inteqrasiyasına kömək edən, dövlətin, elmin və təhsilin strateji informasiya ehtiyaclarını təhlil edən institut olmalıdır. Əgər kitabxana bu funksiyaları üzərinə götürərsə, kitabxanaçı da yenidən yüksək ixtisaslı analitik və informasiya mühəndisi statusunu qazana bilər.
Kitabxananın ictimai nüfuzu onun malik olduğu kitab fondunun həcmi ilə deyil, cəmiyyətin kollektiv idrakının formalaşmasında oynadığı real rolla müəyyən edilməlidir. Kitabxana bu rolu itirdikcə nüfuzu azalır, yeni rol qazandıqca isə yenidən strateji instituta çevrilir. Bu fikir "İnformasiya sivilizasiyası" nəzəriyyəsində ayrıca bir qanun kimi əsaslandırıla bilər. Çünki burada söhbət təkcə kitabxanadan deyil, bütün informasiya institutlarının sosial legitimliyindən gedir.
Bir çox ekspertlər hesab edir ki, müasir dövrümüz klassik kitabxananı sıxışdırıb ortadan çıxaracaq. Bu fikir çox geniş yayılıb. Lakin hesab edirik ki, burada “klassik kitabxana modeli” və “kitabxana institutu” iki fərqli məsələ olaraq bir-birinə qarışdırılır. Hal-hazırda sıxışdırılan kitabxana deyil, XIX–XX əsrlərin kitabxana modelidir. Kitabxanalar artıq, təxminən 5000 ildir fəaliyyət göstərir. Onlar gil lövhələrinin yaranmasını, papirusun meydana çıxmasını, perqamenti, kağızı, mətbəəni, qəzeti, radionu, televiziyanı, internet mərhələlərini yaşayıblar. Hər dəfə də belə proqnoz verilib ki, artıq kitabxanaya ehtiyac qalmayacaq. Lakin kitabxana yox olmayıb. Çünki kitabxana kitabın institutu deyil, o, kollektiv yaddaş institutudur. Bu, prinsipial fərqdir.
İnformasiya nə qədər çoxalırsa, kitabxanaya ehtiyac əslində bir o qədər artır. Qədim dövrdə əgər problem "İnformasiya yoxdur" məsələsi idisə, bu gün problem "İnformasiya həddindən artıq çoxdur" məsələsidir. Bu, tamamilə fərqli problemdir. Əgər eramızdan əvvəl IV əsrdə alim ildə 20 mətn oxuyurdusa, bu gün milyonlarla yeni sənəd yaranır. Belə şəraitdə ən vacib məsələ məlumat toplamaq deyil, onun içindən etibarlı biliyi seçməkdir. Burada kitabxananın tarixi missiyası yenidən aktuallaşır. Əvvəllər kitabxana biliyi qoruyurdu. İndi isə biliyi “filtr” etməlidir. Bu, daha mürəkkəb funksiyadır.
Orta əsrlərdə Kitabxanaçı alim hesab olunurdu və hesab etmək olar ki, gələcəyin kitabxanaçısı yenidən alim olmağa məcbur olacaq. Amma bu dəfə əlyazma oxuyan alim deyil. İnformasiyanı təhlil edən, modelləşdirən, qiymətləndirən, süni intellektdən istifadə edən alim. Əgər kitabxanalar öz funksiyalarını dəyişməsələr, onda doğrudan da onların böyük hissəsi əhəmiyyətini itirəcək. Çünki kitab vermək funksiyasını artıq internet daha sürətli yerinə yetirir. Axtarış funksiyasını axtarış sistemləri yerinə yetirir. Elementar arayış funksiyasını süni intellekt yerinə yetirir. Belə olan halda kitabxana özünü yenidən müəyyənləşdirməlidir.
İnformasiya sivilizasiyasında əsas problem informasiya çatışmazlığı deyil. Əsas problem etibarlı biliyin çatışmazlığıdır. Bu, tamamilə yeni dövrün tələbidir. Bu dövrdə kitabxananın missiyası dəyişməlidir. Bunu belə ifadə etmək olar ki, Kitabxananın missiyası Antik dövr Yaddaşı qorumaq, orta əsrlər mədəniyyəti qorumaq, maarifçilik dövrü biliyi yaymaq, XX əsr İnformasiyaya çıxış yaratmaq, XXI əsr etibarlı biliyi seçmək, əlaqələndirmək və kollektiv idrakı inkişaf etdirmək fəaliyyətidir.
Bəzi həmkarlar və məmurlar belə sual verir ki, "Kitabxanalar yaşayacaqmı?". Halbuki əsas sual "İnsan cəmiyyəti kollektiv idrakını hansı institut vasitəsilə idarə edəcək?"olmalıdır. Əgər bu funksiyanı kitabxanalar üzərinə götürərlərsə, kitabxanaların rolu yalnız qorunmayacaq, əksinə, strateji əhəmiyyət qazanacaq. Əgər bu missiyanı üzərinə götürə bilməsələr, bu funksiyanı başqa institutlar, böyük texnologiya şirkətləri, süni intellekt platformaları və ya yeni tip informasiya mərkəzləri öz üzərinə götürəcəklər. Bu zaman, tarixən leqitimləşmiş informasiya prosesinin istiqaməti dəyişəcək, o, idarəolunmadan çıxacaq və çox böyük hissəsi kommersiya xassəsi daşıyacaq.
"Kollektiv idrakın idarə olunmasında" bu gün kitabxanaların rolu necədir? Sualı çox əhəmiyyətlidir. Bir çox analitiklər hesab edir ki, kitabxanalar bu funksiyasını itiriblər.Tarixən kitabxanalar kollektiv idrakın idarə olunması sisteminin mühüm elementlərindən biri olublar, lakin bu funksiyanı heç vaxt tam şəkildə və tək başına həyata keçirməyiblər. Deməli, kitabxana idarəetmə sisteminin tam subyekti olmayıb. O, idarəetmə infrastrukturunun bir elementi olub. Əgər "kollektiv idrakın idarə olunması" dedikdə cəmiyyətin intellektual inkişafını istiqamətləndirməyi nəzərdə tuturuqsa, onda bu gün bunu kitabxanalar etmir. Bəs kim edir? Bu sualın cavabı artıq çox mürəkkəbdir. Bu gün kollektiv idraka təsir edən əsas institutlar məktəblər, universitetlər, elmi mərkəzlər, media, sosial şəbəkələr, axtarış sistemləri, süni intellekt platformaları, böyük texnologiya şirkətlərinin alqoritmləri təşkil edir.
Yəni kollektiv idrak mərkəzləşdirilmiş şəkildə deyil, müxtəlif aktorların təsiri altında formalaşır və bu fəaliyyətin əlaqələndirilməsi həyata keçmir. Tarixdə ilk dəfədir ki, insanlığın kollektiv idrakının böyük hissəsi kitabxanaların deyil, kommersiya alqoritmlərinin təsiri altındadır. İnsan nə oxuyacaq, nə izləyəcək, nəyə inanacaq, çox vaxt alqoritmlər müəyyən edir. Bu, antik dövrdə də yox idi, orta əsrlərdə də yox idi, XX əsrdə də bu miqyasda deyildi.
Tarix boyu bu funksiya müxtəlif institutlar arasında bölüşdürülüb. Bu institutlar içərisində kitabxana heç vaxt təkbaşına dominant institut olmayıb. Bəlkə də kitabxanaların böhranı onların zəifləməsində deyil, əsl problem ondadır ki, kollektiv idrakın idarə olunması uğrunda gedən rəqabəti uduzublar. Çünki rəqiblər artıq qonşuluqda fəaliyyət göstərən başqa kitabxanalar deyil, onların rəqibləri, axtarış sistemləri, sosial media, video platformaları, süni intellekt sistemləri, məlumat toplayan və tövsiyə edən alqoritmlərdir. Digər tərəfdən də, nəzərə alsaq ki, heç bir məlumat sistemi baza resursu olmadan informasiya xidməti edə bilməz. Deməli kitabxanalar bu və ya digər formada qlobal informasiya xidmətində iştirak edirlər. Lakin bu iştirak çox aktiv deyil və nəzərə çarpmır.
Kollektiv idrakın inkişafında aparıcı institut statusunu o təşkilat qazanır ki, cəmiyyətin etibarlı biliyə çıxışını, onun qiymətləndirilməsini və qərarvermədə istifadəsini ən səmərəli şəkildə təmin edə bilir. Bu baxımdan, "kitabxanalar kollektiv idrakı idarə etmək funksiyasını itiriblər" fikrini bir qədər dəqiqləşdirək. Kitabxanalar kollektiv idrakın formalaşmasına təsir göstərən əsas institutlardan biri olmaq statusunu əhəmiyyətli dərəcədə itirmişlər. Onlar kollektiv yaddaşın qorunması funksiyasını böyük ölçüdə saxlasalar da, kollektiv idrakın istiqamətləndirilməsi və intellektual gündəliyin formalaşdırılması sahəsində əvvəlki təsir gücünə malik deyillər.
Bu yanaşma həm tarixi baxımdan dəqiqdir, həm də elmi müzakirə üçün daha məhsuldardır. Çünki, artıq "kitabxananın böhranı"ndan söhbət getmir, kollektiv idrak institutlarının transformasiyasından bəhs edilir. Problem kitabxanaların müasir transformasiyasının ən mühüm nəzəri məsələlərindən biridir. Əgər əvvəllər kitabxana, bilik seçimi, ictimai müzakirə, kollektiv idrak zəncirində mərkəzi mövqedə idisə, indi bu zəncir parçalanmışdır. Kollektiv idrakın formalaşdırılması funksiyası vahid bir institut tərəfindən deyil, bir neçə güc mərkəzi arasında bölüşdürülüb.
"İnformasiya gündəliyinin mühəndisləri" olan Google, Microsoft, Meta Platforms kimi qlobal texnologiya şirkətləri faktiki olaraq insanların hansı məlumatlarla qarşılaşacağını müəyyən edən alqoritmik sistemlər yaradırlar. Onların əsas funksiyası hansı informasiyanın görünəcəyini seçmək, hansı mövzuların populyarlaşacağını müəyyən etmək, diqqəti müəyyən istiqamətlərə yönəltmək, istifadəçinin informasiya davranışını modelləşdirməkdir. Burada əvvəlki kitabxanaçı seçiminin yerini alqoritmik seçim tutur. Fərq ondadır ki, kitabxanaçı seçim edərkən əsas meyarı adətən millilik, elmi dəyər, etibarlılıq və ictimai fayda idisə, alqoritmlər çox vaxt istifadəçi davranışı, diqqət və kommersiya effektivliyi əsasında işləyir.
Klassik KİV (televiziya, qəzet, xəbər agentlikləri) uzun müddət kollektiv idrakın əsas istiqamətləndiriciləri olmuşdur. Onların funksiyası hadisələri seçmək, izah etmək, cəmiyyət üçün əhəmiyyətli mövzuları ön plana çıxarmaq, ictimai müzakirənin çərçivəsini müəyyən etməkdir. Lakin rəqəmsal dövrdə media da əvvəlki monopoliyasını itirmişdir. İndi xəbər gündəliyi çox vaxt sosial şəbəkələrdə yaranan trendlər, viral məzmun, platforma alqoritmləri tərəfindən formalaşdırılır.
Artıq əminliklə deyə bilərik ki, Sosial şəbəkələr kollektiv idrakın spontan formalaşma mühitini yaradır. YouTube, TikTok, X kimi platformalar artıq sadəcə kommunikasiya vasitəsi deyil, kollektiv düşüncənin formalaşdığı informasiya mühitidir. Burada əsas mexanizm “məlumat, paylaşım, emosional reaksiya, kütləvi diqqət, ictimai mövqe” şəklində işləyir. Bu sistemin üstünlüyü sürət, çatışmazlığı isə seçimin çox vaxt emosional və manipulyativ olmasıdır.
Elmi institutlar, ekspert icmaları, Universitetlər, elmi akademiyalar, tədqiqat mərkəzləri kollektiv idrakın daha dərin səviyyəsini formalaşdırırlar. Onların funksiyası yeni bilik istehsal etmək, elmi standartlar yaratmaq, həqiqət meyarlarını müəyyənləşdirməkdir. Lakin burada da problem var. Elmi bilik istehsal olunur, amma onun cəmiyyətə ötürülməsi mexanizmi zəifləyib. Kitabxanalar bu ötürülmədə əvvəlki vasitəçilik rolunu qismən itiriblər.
Dövlət və informasiya siyasəti institutları da kollektiv idrakın formalaşmasına təsir göstərirlər. təhsil siyasəti, milli yaddaş siyasəti, informasiya təhlükəsizliyi, mədəniyyət siyasəti, media tənzimlənməsi vasitəsilə. Başqa sözlə, dövlət "nəyin yadda saxlanılması", "nəyin öyrədilməsi" və "nəyin prioritet hesab olunması" məsələlərində mühüm rol oynayır. Nəticədə yeni model “Platformalar, Media, sosial şəbəkələr, elmi institutlar, dövlət siyasəti, informasiya axını, kollektiv diqqət, kollektiv idrak” zəncirində ifadə olunur.
Müasir cəmiyyətin informasiya axınını idarə edən güclər çoxdur, amma kollektiv idrakın keyfiyyətinə cavabdeh olan vahid institut yoxdur. Məhz buna görə "informasiya mühəndisliyi" yanaşması əhəmiyyətlidir. Orta əsrlərdə informasiya mühiti çox məhdud idi. Yazılı mənbələr az, yayılma kanalları zəif idi. Buna görə kitabxana (xüsusilə saray, monastır, mədrəsə kitabxanaları) yalnız saxlama yeri deyil, həm də hansı mətnlərin qorunacağı, hansı biliklərin nəsildən-nəslə ötürüləcəyi, hansı əsərlərin nüfuzlu hesab ediləcəyi, alimlərin hansı mənbələrə çıxış əldə edəcəyi məsələlərində mərkəzi rol oynayırdı. Başqa sözlə, kitabxana informasiya dövriyəsi "seçim və legitimləşdirmə qapısı" idi. Müasir dövrdə isə bu mərkəz vahid fiziki institutdan çıxaraq paylanmış (distributed) mərkəzə çevrilmişdir. Hazırda kollektiv idrakın formalaşmasında əsas "mərkəzlərə" diqqət yetirək. Qeyd etdiyimiz kimi, buraya alqoritmik mərkəzlər, diqqət bazarı, platformaların infrastrukturu, dövlət və onun informasiya institutları daxildir. Bunların hər birinin ayrılıqda təhlilinə ehtiyac yoxdur.
"Kollektiv idrakın elmi, etik və mədəni idarəetmə mexanizmi"nin gələcək forması hazırda məlum deyil. Burada əsas çətinlik ondan ibarətdir ki, biz əvvəlki informasiya sistemlərində olduğu kimi sadəcə yeni bir "mərkəzi institut" yaratmaqla problemi həll edə bilmərik. Çünki tarix göstərir ki, kollektiv idrakın idarə olunması həmişə mövcud sivilizasiyanın informasiya quruluşuna uyğun formalaşmışdır. Əlyazma sivilizasiyasında (məbəd, saray, monastır və kitabxanalar), çap sivilizasiyasında (nəşriyyat, universitet, akademiya, kütləvi kitabxana və media), rəqəmsal sivilizasiyada (hələ formalaşmaqda olan platforma-alqoritm şəbəkələri). Müasir dövrdə problem odur ki, informasiya istehsalı və yayılması sürətlə inkişaf edir, amma idrakın keyfiyyətini idarə edən institutlar eyni sürətlə inkişaf etmir.

Gələcək mexanizmin necə olacağı barədə yalnız ehtimal olunan modellər irəli sürmək olar. Məsələn, "Yeni kitabxana" modeli. Bu modeldə kitabxanalar sadəcə informasiya saxlayan qurum olmaqdan çıxaraq, informasiyanın etibarlılığını qiymətləndirən, bilik xəritələri yaradan, süni intellekt sistemləri üçün keyfiyyətli bilik bazaları hazırlayan, vətəndaşların informasiya savadlılığını inkişaf etdirən institutlara çevrilə bilər. Lakin bunun üçün kitabxananın klassik modeli kifayət etmir.
"İnformasiya ekspertizası institutu" modeli də diqqəti cəlb edə bilər. Mümkündür ki, gələcəkdə hər bir cəmiyyətdə informasiya məhsullarının qiymətləndirilməsi üçün müstəqil ekspert sistemləri yaransın. Məsələn elmi ekspertiza, fakt yoxlama, etik qiymətləndirmə, sosial təsir analizi bir sistem daxilində birləşdirilə bilər. "Kollektiv intellekt platforması" modeli də maraqlıdır. Bir başqa ehtimal da odur ki, gələcəkdə süni intellekt və insan ekspertizasını birləşdirən sistemlər yaranacaq. Belə system böyük informasiya kütləsini analiz edəcək, ziddiyyətli məlumatları göstərəcək, müxtəlif mövqeləri müqayisə edəcək, insanın düşünmə keyfiyyətini artıracaq. Burada məqsəd insanın yerinə qərar vermək deyil, kollektiv düşüncənin keyfiyyətini yüksəltməkdir.
"İnformasiya mədəniyyəti ekosistemi" modelinə diqqət etsək görərik ki, ən real görünən yanaşma bəlkə də vahid mərkəz deyil, bir ekosistemdir. “Kitabxana, universitet, media, dövlət, texnologiya şirkətləri, vətəndaş cəmiyyəti” birlikdə kollektiv idrakın keyfiyyətinə təsir göstərir. Burada da fəaliyyətin kordinasiyası çox əhəmiyyətlidir.
İnformasiya mühəndisliyi baxımından ehtimal etmək olar ki, gələcəkdə əsas vəzifə informasiya axınını idarə etməkdən daha çox, informasiya, bilik, anlayış, kollektiv qərar prosesinin layihələndirilməsi olacaq. Yəni yeni institutun funksiyası "nəyi saxlamaq?" sualından daha çox, "cəmiyyətin daha düzgün düşünməsinə necə kömək etmək olar?" sualına cavab verməli olacaq.
Gələcəyin informasiya mühəndisliyi arxitekturasında tarixi inkişaf qanunauyğunluqlarına əsaslanaraq hansı şərtlərin yaranmalı olduğunu müzakirə etmək olar. Kitabxanaların informasiya mühəndisliyi səviyyəsinə yüksəlməsi üçün kitabxananın özünün dəyişməsi kifayət deyil. Əvvəlcə cəmiyyət kitabxanaya olan tələblərini dəyişməlidir. Bunu bir neçə mərhələdə təsvir etmək olar.
I mərhələ. İnformasiyanın deyil, idrakın böhranı idarə olunmalıdır. Hazırda əsas problem informasiya qıtlığı deyil, əksinə, informasiyanın həddindən artıq çoxlugudur. Gələcəkdə cəmiyyət dərk etməlidir ki, əsas problem informasiyanın çoxluğu, dezinformasiya, diqqətin parçalanması, səthi idrak, etibarlı biliyin seçilməsinin çətinləşməsidir. Yəni problem informasiya böhranı deyil, idrak böhranıdır. Bu baş verməsə, kitabxanaların yeni funksiyasına sosial sifariş də yaranmayacaq.
II mərhələ. Dövlət və cəmiyyət yeni strateji məqsəd müəyyən etməlidir. XX əsrdə məqsəd savadlı cəmiyyət idi. XXI əsrdə isə məqsəd “yüksək keyfiyyətli kollektiv idrak” ola bilər. Bu, artıq təhsil siyasətinin, elm siyasətinin, media siyasətinin və kitabxana siyasətinin ümumi məqsədinə çevrilməlidir. Əgər belə məqsəd müəyyən edilməzsə, kitabxana yenə də əsasən xidmət müəssisəsi kimi qalacaq.
III mərhələ. Kitabxananın bir sıra xidmət prosesləri dəyişməlidir. Bu, məncə, ən fundamental dəyişiklikdir. Ənənəvi kitabxana: “kitab, kataloq, oxucu” modeli üzərində qurulmuşdur. İnformasiya mühəndisliyi kitabxanası isə “informasiya axını, qiymətləndirmə, modelləşdirmə, bilik, kollektiv qərar” kimi modelləşdirir. Başqa sözlə, kitabxananın əsas obyekti artıq kitab deyil, informasiya prosesləri olmalıdır.
IV mərhələ. Kitabxana yeni peşələr yaratmalıdır. Əgər gələcəyin kitabxanası yaranacaqsa, onun əməkdaşları da dəyişəcək. Məsələn, informasiya analitiki, bilik memarı, informasiya modeli layihəçisi, kollektiv idrak analitiki, AI–kitabxana inteqrasiyası üzrə mütəxəssis. Bu peşələrin əksəriyyəti hələ tam formalaşmayıb.
V mərhələ. Yeni elmi nəzəriyyə yaranmalıdır. Tarix göstərir ki, böyük institutlar əvvəlcə nəzəriyyədə dəyişir, sonra praktikada. Kitabxanaşünaslıq XIX əsrdə kitab və fond ətrafında formalaşmışdı. Lakin XXI əsr üçün ola bilsin ki, yeni bir elm yaranmalıdır. Burada "informasiya mühəndisliyi" konsepsiyası maraqlı görünə bilər. Əgər bu konsepsiya inkişaf etdirilərsə, kitabxananın obyekti və onun sərhədləri yenidən müəyyən edilə bilər, kitab deyil, fond deyil, informasiya xidməti də təkbaşına deyil, əsas obyekt kollektiv idrakın formalaşmasına xidmət edən informasiya proseslərinin layihələndirilməsi və idarə olunması ola bilər.
Orta əsrlərdə kitabxanalar kollektiv idrakın mərkəzi idi. Onlar bu statusu kitab çox olduğu üçün yox, cəmiyyətin ən mühüm informasiya filtrini təşkil etdikləri üçün qazanmışdılar. Əgər bu fikir doğrudursa, onda gələcəyin kitabxanası da yenidən mərkəz ola bilər. Amma yalnız bir şərtlə. Cəmiyyət etibarlı informasiya filtrlərinə həyati ehtiyac hiss etməlidir. Bu gün insanlar daha çox sürətli cavab axtarırlar. Sabah isə, əgər süni intellekt tərəfindən yaradılan məzmun, dezinformasiya və sintetik informasiya daha da artarsa, insanlar etibarlı bilik axtarmağa məcbur ola bilərlər. Belə bir şəraitdə yeni tip kitabxanalar yenidən strateji institut statusu qazana bilər.
İnsanlar dərin informasiya xaosuna daxil olduqdan sonra cəmiyyət etibarlı informasiya filtrlərinə həyati ehtiyac hiss edəcək. Bu fikir hipotez kimi çox maraqlıdır. Lakin onu hələlik tarixi qanunauygunluq kimi deyil, praqnoz model kimi təqdim edirik. İnformasiya axınının həcmi və sintetik (AI tərəfindən yaradılan) məzmun artdıqca, cəmiyyətin etibarlı informasiya filtrlərinə olan tələbatının da artacağı gösləniləndir. Müəyyən həddən sonra informasiya bolluğu paradoksal olsa da etibarlı vasitəçilərin sosial dəyərini yenidən yüksəldə bilər.
Belə vəziyyətdə əsas problem "məlumat tapmaq" , "nəyə inanmaq olar?" sualıdır. XX əsrin kitabxanasının əsas funksiyası belə idi “İnformasiyaya çıxış təmin etmək”. XXI əsrin ikinci yarısında isə əsas funksiya belə ola bilər -”İnformasiyanın etibarlılığını təmin etmək”. Bu, keyfiyyətcə tamamilə başqa missiyadır. Ola bilsin ki, gələcəyin ən qiymətli resursu informasiya yox, etibar (trust) olacaq. Lakin, bütün hallarda irəli sürdüyümüz bu futurolojı modellər hal-hazırda kitabxanaçı əməyinə ödənilən 400-550 manat ilə həyata keçirilə bilməz. Baza təhsilinin səviyyəsi artırılmalıdır, mütamadi təkmilləşdirmə kursları təşkil olunmalı və hər şüydən əvvəl bu kitabxanaçılardan nə istədiyimizi müəyyənləşdirməliyik. Belə olarsa bu fəaliyyət sahəsinə ictimai baxış da yaqinki dəyişəcək.
Sosial institutlar təsadüfən yaranmırlar, onlar cəmiyyətin həll edə bilmədiyi fundamental problemi həll etmək üçün formalaşırlar. Əgər həmin problem tarixdən silinməyibsə, institut da tamamilə yox olmur, sadəcə funksiyasını yenidən qurur. Məsələn, ailə min illər ərzində dəyişib, amma ləğv olunmayıb, universitet orta əsrlərdən bəri dəfələrlə transformasiya olunub, amma mahiyyətini saxlayıb, məhkəmələr də texnologiyaların inkişafına baxmayaraq qalırlar. Deməli, eyni məntiq kitabxanalara da şamil oluna bilər.
Buradan göründüyü kimi, missiya dəyişmir, obyekt və texnologiya dəyişir. Kitabxanaların təkamülü missiyanın dəyişməsi deyil, missiyanın həyata keçirilməsi vasitələrinin dəyişməsidir. Bu tezis daha ümumi bir qanuna çevrilə bilər. Tarixən sosial institutlar yalnız onları doğuran fundamental ictimai tələbat aradan qalxdıqdan sonra yox olurlar. Əgər həmin tələbat yeni formalarda qalırsa, institut da transformasiya olunaraq fəaliyyətini davam etdirir. Əgər əvvəl irəli sürülən fikirlərə əsasən gələcəkdə cəmiyyət həqiqətən də etibarlı informasiya filtrlərinə kəskin ehtiyac duyacaqsa, onda kitabxananın tarixi missiyası yenidən aktuallaşacaq. Bu halda kitabxana yeni bir institut olmayacaq, o, özünün əsrlər boyu formalaşmış əsas mıssiyasını rəqəmsal sivilizasiyanın şərtlərinə uyğun şəkildə bərpa etmiş olacaq .