KİV: Tramp Kanada ilə ticarət savaşında uduzur
ABŞ Prezidenti Donald Trampın Kanada ilə ticarət münaqişəsində uğursuzluğa düçar olduğu bildirilir. Vaşinqtonun Ottavaya qarşı təhdid və təzyiqlərinin gözlənilən nəticəni vermədiyi qeyd olunur.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Kanada iqtisadi baxımdan ABŞ-dan xeyli kiçik olsa da, ölkə hökuməti daha rasional davranır və ticarət münaqişəsi şəraitində milli maraqlarını qorumağı bacarır. Kanadanın Baş naziri Mark Karni Trampdan daha yüksək populyarlığa malikdir. Kanadalıların isə Vaşinqtona qarşı etimadsızlıq ətrafında birləşdiyi vurğulanır. Eyni zamanda, ABŞ ictimaiyyətinin artan dövlət borcu, yüksək faiz dərəcələri və enerji böhranı ilə üzləşdiyi bildirilir. “The Atlantic” hesab edir ki, Trampın müharibələrdə yalnız gücün deyil, dözümlülüyün də mühüm rol oynadığını qəbul edə bilməməsi onun İranla qarşıdurmada məğlubiyyətinə səbəb olub və ticarət münaqişələrində də uğursuzluğunun əsas səbəblərindən biridir.
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir daha əvvəl Kanadanın Vaşinqtonun qarşılıqlı faydalı hesab etdiyi razılaşmanı rədd etdiyini açıqlamışdı. ABŞ-ın bəzi Kanada mallarına tətbiq etdiyi 50 faizlik gömrük rüsumları şənbə günü qüvvəyə minib. Kanadanın Baş naziri Mark Karni isə yaydığı açıqlamada ABŞ-la ticarət danışıqlarını dayandırdığını təsdiqləyib. O bildirib ki, Kanada işçiləri və biznesləri qorumaq məqsədilə sentyabrın 8-dən etibarən ABŞ-a qarşı cavab tarifləri tətbiq edəcək.
12:28 24.08.2026
Oxunuş sayı: 59