CROSSMEDIA - Azərbaycan Konstitusiyası hüquq sistemimizin əsas sütunudur –AÇIQLAMA
Gündəm

Azərbaycan Konstitusiyası hüquq sistemimizin əsas sütunudur –AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı verilmiş sərəncam ölkəmizin hüquqi dövlət quruculuğu, tolerantlıq dəyərləri və suverenliyə verdiyi yüksək əhəmiyyətin göstəricisidir. Bu qərar, hüquqi dövlət quruculuğunun daha da inkişaf etdirilməsi və Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi istiqamətində xalqımızın iradəsinin növbəti təzahürüdür.

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Daşqın Qənbərov Crossmedia.az-a açıqlamasında Konstitusiyanın Azərbaycan hüquq sistemindəki əhəmiyyətindən danışıb. O, bildirib ki, Konstitusiya hər bir dövlətin qanunvericilik sisteminin əsasını təşkil edir və hüquqi dövlət quruculuğunun təməl daşıdır.

“Konstitusiya hər bir dövlətin qanunvericilik sisteminin əsasını təşkil edir və onun sütunudur. Məsələn, Azərbaycan Konstitusiyasında 158 maddə müəyyən edilsə də, ölkəmizdə mövcud olan bütün qanunvericilik sisteminin təməli məhz Konstitusiyadır. Bütün qanunlar və digər normativ hüquqi aktlar qəbul edilərkən mütləq şəkildə Konstitusiyaya uyğun olmalıdır. Bu baxımdan demək olar ki, Konstitusiya mövcud olduğu dövlətin hüquq sisteminin əsas prinsiplərini ehtiva edir,” – deyə Daşqın Qənbərov qeyd edib.

Hüquq sistemində mövcud olan normaların təsnifatına toxunan ekspert bildirib ki, “hüquq sistemində mövcud olan normalar iki qrupa ayrılır: adi normalar və prinsip normalar. Konstitusiyanın normaları prinsip normalardır və onlar bütün qanunvericilik sisteminin əsasını təşkil edən ümumi qaydaları özündə ehtiva edir”.

Azərbaycan Konstitusiyasını dünyanın ən mütərəqqi konstitusiyalarından biri hesab edən hüquqşünas bu barədə də fikirlərini bölüşüb: “Azərbaycan Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biridir. Buna misal olaraq Konstitusiyanın müddəalarını nəzərdən keçirdikdə görürük ki, onun əsas normaları bu gün dünyada qəbul edilmiş ən qabaqcıl sənədlərə uyğun tərtib edilib”.

Daşqın Qənbərov Azərbaycan Konstitusiyasının insan hüquqları ilə bağlı beynəlxalq sənədlərlə uyğun olduğunu vurğulayıb: “Məsələn, insan hüquqlarından danışarkən, Avropa İnsan Hüquqları Konvensiyasını (1950-ci il), iqtisadi, sosial və mədəni hüquqlarla bağlı 1966-cı il Paktını qeyd edə bilərik. Bütün bu beynəlxalq sənədlər insan hüquqları sahəsində əsas sənədlər sayılır. Azərbaycan Konstitusiyasının normalarını həmin beynəlxalq sənədlərlə müqayisə etdikdə onların uyğun olduğunu görürük. Məsələn, mülkiyyət hüququ, yaşamaq hüququ, siyasi, ailə və sosial hüquqlar sahəsində Konstitusiyamız beynəlxalq sənədlərdəki müddəalara tam uyğun hazırlanıb”.

Bununla yanaşı, hüquqşünas Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə verdiyi dəyərdən də danışıb: “Azərbaycan Konstitusiyasında qeyd edilir ki, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə milli qanunlar arasında ziddiyyət yaranarsa, beynəlxalq qanunlar üstünlük təşkil edir. Bu, Azərbaycanın beynəlxalq hüquqa və qlobal hüquqi prinsiplərə verdiyi böyük əhəmiyyəti göstərir. Bu yanaşma Azərbaycan dövlətinin hüquqi iradəsinin təcəssümüdür”.

Açıqlamasında dövlət suverenliyinə də diqqət çəkən Daşqın Qənbərov bildirib: “Konstitusiya dövlətin ‘ailə qanunu’ olmaqla yanaşı, dövlətin bütün ərazisində ən yüksək hüquqi qüvvəyə malik sənəddir. Lakin etiraf edək ki, 2020-ci ilə qədər, Ali Baş Komandanın rəhbərliyi altında şanlı Zəfərimizin baş verdiyi o tarixi ana qədər, Azərbaycan dövləti öz suverenliyini tam təmin edə bilməmişdi. Qanunlarımız ölkəmizin bütün ərazisində tətbiq olunmur, ali hakimiyyətimizin səlahiyyətləri tam şəkildə icra edilmirdi. Bu problem aradan qalxandan sonra Azərbaycan tam mənada dövlət suverenliyinə nail oldu”.

Hüquqşünas vurğulayıb ki, “1991-ci ildə müstəqillik qazansa da, dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının həmrəylik nümayişi və dövlətimizin siyasi iradəsi sayəsində mümkün oldu. Bu tarixi hadisə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi qalacaq”.

Maral Şahverdili,
Samirə Şərif

22:16 28.12.2024

Oxunuş sayı: 10822

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR