Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı rəsmi Moskvadan asılıdır
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında baş verən faciəvi hadisə ilə bağlı üzrxahlığını bildirib. Putin, qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmağını diləyib. Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin fiziki-texniki müdaxilə nəticəsində idarəetməni itirdiyini və Qazaxıstana yönləndirildiyini qeyd edib. O, qəzanın bütün təfərrüatlarının araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ekspertlərdən ibarət komanda təşkil edildiyini də açıqlayıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a verdiyi açıqlaması zamanı bildirib ki, Azərbaycan təyyarəsinin vurulması ciddi bir hadisədir və bu məsələ Azərbaycan Respublikasının suverenliyi ilə birbaşa bağlıdır: “Cənab Prezident çox düzgün olaraq, Rusiya tərəfindən üzrxahlığın edilməsi, günahkarların cəzalandırılması və təzminat ödənməsi məsələsini irəli sürdü. Rusiya prezidentinin bu gün Prezidentimizə zəng edərək üzr istəməsi və günahkarların cəzalandırılması üçün tədbirlər görülməsi öhdəliyini verməsi göstərir ki, dünya, xüsusilə Rusiya, Azərbaycan müstəqilliyini, suverenliyini qəbul edir və buna hörmətlə yanaşır”.
Deputat həmçinin hadisənin ciddi şəkildə araşdırılması üçün beynəlxalq komissiyaların təşkil olunmasının vacibliyini də vurğulayıb.
Onun fikrincə, müxtəlif ölkələrin və beynəlxalq təşkilatların ekspertlərini bu işə cəlb etməklə, hadisənin gerçək səbəbləri üzə çıxarılacaq və belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün müvafiq mexanizmlər qurulacaq: “Artıq Azərbaycan, Türkiyə və mülki aviasiya beynəlxalq təşkilatlarının ekspertlərini bu hadisənin araşdırılmasına dəvət edib və belə bir komissiya yaradılması üzrə addımlar atılıb. Rusiya mütəxəssislərinin də cəlb edilməsi məsələnin dərindən öyrənilməsinə və baş vermə səbəblərinin tam şəkildə aydınlaşdırılmasına kömək edəcək”.
A.Mirzəzədə əlavə edib ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı, əsasən, Rusiyanın atacağı addımlardan asılı olacaq: “Rusiya tərəfindən üzr istənilməsi və müvafiq addımların atılması, Rusiya tərəfinin Azərbaycanla münasibətlərin pisləşməsində maraqlı olmadığını göstərir. İndiyə qədər iki ölkə arasında mehriban qonşuluq münasibətləri mövcud olub və bundan sonra da bu münasibətlərin qorunması və inkişafı üçün hər iki tərəf birgə fəaliyyət göstərməlidir”, - deyə deputat qeyd edib.
Aytac Bəhruzqızı
00:16 29.12.2024
Oxunuş sayı: 10246