Telefonlar bizi gizlicə DİNLƏYİR? - Sən demə...
Telefonla danışdığımız mövzunun qısa müddət sonra qarşımıza reklam kimi çıxması istifadəçilərdə illərdir müxtəlif şübhələr yaradır. Xüsusilə sosial şəbəkələrdə danışdığımız məhsul və ya xidmətlə bağlı reklamların qəfil görünməsi bu narahatlığı daha da artırır. Smartfonların mikrofon vasitəsilə səs qəbul etməsi və tətbiqlərin müəyyən hallarda bu funksiyadan istifadə etməsi mümkündür. Lakin reklamların söhbətlərimizə uyğun görünməsi telefonun bütün danışıq və söhbətləri gizli şəkildə qeydə alması anlamına gəlmir. Müasir reklam sistemləri istifadəçilərin axtarış tarixçəsi, baxdığı videolar, daxil olduğu saytlar, yerləşmə məlumatları və digər rəqəmsal davranışlarını analiz edə bilir. Bu məlumatların birləşdirilməsi istifadəçinin maraqlarının kifayət qədər dəqiq müəyyənləşdirilməsinə imkan verir. Nəticədə reklamların zaman-zaman insanın söhbətləri ilə üst-üstə düşməsi telefonun bizi dinlədiyi təəssüratını yarada bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında İKT eksperti Vüsal Məmmədzadə bildirib ki, telefonların istifadəçiləri gizli şəkildə dinləyərək söhbətlər əsasında reklam göstərməsi ilə bağlı şübhələr uzun illərdir mövcuddur.
“İnsanlar tez-tez deyirlər ki, hansısa məhsul haqqında danışdıqdan bir neçə saat sonra həmin məhsulun reklamını Instagram-da, Facebook-da və ya başqa platformada görüblər.
Texniki baxımdan telefonun bizi dinləməsi mümkündür. Smartfonda mikrofon var və istifadəçi hansısa tətbiqə mikrofon icazəsi veribsə, həmin tətbiq müəyyən şərtlər daxilində mikrofona çıxış əldə edə bilər. Məsələn, WhatsApp və Telegram səsli mesaj göndərmək, Instagram video çəkmək, Shazam musiqini müəyyənləşdirmək, səsli köməkçilər isə əmrləri qəbul etmək üçün mikrofondan istifadə edir.
Amma buradan “telefonlarımız reklam göstərmək üçün bütün söhbətlərimizi daim yazır” nəticəsinə gəlmək düzgün deyil. Hazırda böyük reklam platformalarının kütləvi şəkildə istifadəçilərin gündəlik söhbətlərini gizlicə yazaraq reklam seçdiyini təsdiqləyən etibarlı sübut yoxdur.
Hətta 2026-cı ildə ABŞ Federal Ticarət Komissiyasının araşdırdığı maraqlı hadisə də bunu göstərdi. Bir neçə marketinq şirkəti “Active Listening” adlı xidmətin ağıllı cihazlardan insanların söhbətlərini dinləyərək uyğun reklam seçdiyini iddia edirdi. Qurum araşdırması nəticəsində müəyyən etdi ki, xidmət əslində insanların səs məlumatlarını toplamırdı; şirkətlər başqa mənbələrdən alınmış istehlakçı məlumatlarından istifadə edirdilər.
Əslində reklamların bizi “dinləyirmiş kimi” dəqiq görünməsinin daha sadə izahı var. Telefon və tətbiqlər bizim haqqımızda danışdıqlarımızdan başqa çoxlu məlumat əldə edə bilir: hansı saytlara daxil olmuşuq, nə axtarmışıq, hansı videolara baxmışıq, harada olmuşuq, hansı reklamla qarşılıqlı əlaqəyə girmişik və s. Bu məlumatların birləşdirilməsi nəticəsində reklam sistemi maraqlarımızı kifayət qədər dəqiq proqnozlaşdıra bilir. Bəzən bunun üçün mikrofonu dinləməyə ümumiyyətlə ehtiyac qalmır.
Bununla belə, mikrofon icazəsinə ciddi yanaşmaq lazımdır. Müasir telefonlarda bunun qarşısını almaq üçün əlavə nəzarət mexanizmləri var. iPhone-da tətbiq mikrofonu istifadə etdikdə ekranın yuxarı hissəsində narıncı indikator görünür. Apple bildirir ki, tətbiq istifadəçinin icazəsi olmadan mikrofona çıxış əldə edə bilməz.
Android-də də oxşar sistem mövcuddur. Android 12 və sonrakı versiyalarda tətbiq mikrofon və ya kameradan istifadə etdikdə yuxarı hissədə yaşıl indikator görünür.
Tövsiyəm odur ki, tətbiqin funksiyası mikrofon tələb etmirsə, ona mikrofon icazəsi verməyin. Məsələn, səs yazan və ya videozəng tətbiqinin mikrofon istəməsi normaldır, amma funksiyası səslə heç bir əlaqəsi olmayan sadə oyun, fənər və ya başqa tətbiqin mikrofon tələb etməsi şübhə doğurmalıdır.
Yəni telefonlarımız texniki olaraq bizi dinləyə bilər, amma bunun üçün tətbiqin mikrofona çıxışı olmalıdır. Reklamların söhbətlərimizə qəribə dərəcədə uyğun gəlməsi isə telefonun bizi mütləq dinlədiyini göstərmir. Çox vaxt haqqımızda toplanan digər rəqəmsal məlumatlar reklam sistemlərinin bizi düşündüyümüzdən daha yaxşı tanıması üçün kifayət edir”.
Zeynəb Həsən
18:30 21.08.2026
Oxunuş sayı: 52