Liviya və Rusiya əlaqələri gücləndirir
Liviya Milli Ordusu komandanının müavini Səddam Haftarın Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinlə görüşdüyü açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, Səddam Haftar Moskva səfəri çərçivəsində Vladimir Putinlə Kremlin sarayında görüşüb. O, Liviya Milli Ordusunun baş komandanı Xəlifə Haftarın salamlarını Rusiya Prezidentinə və Rusiya xalqına çatdırıb.
Açıqlamada iki ölkə arasında “dərin qardaşlıq əlaqələri”nin vurğulandığı və Liviya Milli Ordusunun müxtəlif sahələrdə Rusiya ilə əməkdaşlığın gücləndirilməsinə sadiq olduğu qeyd edilib.
Bununla belə, Kremlin mətbuat xidməti Vladimir Putinlə Səddam Haftar arasında belə bir görüş barədə məlumat yaymayıb.
Bundan əvvəl Səddam Haftarın Rusiyaya səfəri zamanı müdafiə naziri Andrey Belousovla görüşdüyü bildirilib. Tərəflər regional sabitliyin qorunmasına yönəlmiş hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xəlifə Haftarın oğlu Səddam Haftar 2025-ci ilin avqustunda Liviya Milli Ordusunun baş komandanının müavini təyin edilib. Bundan əvvəl o, quru qoşunlarının qərargah rəisi vəzifəsində çalışıb.
10:16 20.08.2026
Oxunuş sayı: 62