COVİD-19 geri qayıdıb - xəstə insanların sayı get-gedə artır
Payızın gəlişi ilə öskürək, halsızlıq, temperatur, boğaz ağrısı və digər respirator simptomlarla müşayiət olunan xəstəliklər yenidən geniş yayılmağa başlayıb. Xüsusilə xəstəliyin bir neçə günə keçməməsi, öskürək və halsızlığın uzun müddət davam etməsi insanlarda bunun adi mövsümi qripdən fərqli xəstəlik olub-olmaması ilə bağlı suallar yaradır. Azərbaycan Tibb Universitetinin məlumatında da payız aylarında qapalı məkanlarda insanların daha sıx təmasda olması səbəbindən kəskin respirator infeksiyaların, qrip və COVID-19-un yayılması üçün daha əlverişli şərait yarandığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının son respirator virus monitorinqində isə qlobal SARS-CoV-2 aktivliyinin aşağı səviyyədə qaldığı, qrip viruslarının dövriyyəsində isə müəyyən artım olduğu qeyd edilir. Bu mənzərə uzunmüddətli simptomların təkcə COVID-19-la əlaqələndirilməsinin doğru olmadığını, müxtəlif respirator virusların da xəstəliyin gedişinə təsir göstərə biləcəyini göstərir. Bəs hazırda müşahidə olunan uzunmüddətli xəstəliklərin səbəbi nədir və insanlar hansı hallarda bunu sadə soyuqdəymə kimi qəbul etməməlidirlər?
Mövzu ilə bağlı səhiyyə eksperti Rasif Bağırov Crossmedia.az-a açıqlamasında bildirib ki, son dövrlərdə virus infeksiyalarının gedişində müəyyən fərqlər müşahidə olunur və xəstəliyin öz-özünə keçəcəyini gözləmək düzgün yanaşma deyil:

“Əslində son dövrlərdə, yəni koronavirusdan sonra, biz yalnız tək-tək hallarda müalicə olunmadan bir həftəyə keçib gedən əvvəlki qrip hallarına rast gəlirik. Son zamanlar virusların törətdiyi xəstəliklər, bir qədər fərqli gedişata malikdir. Yəni müalicə olunmadan, “öz-özünə keçib gedəcək” deyə arxayın olmaq mümkün deyil. Demək olar ki, bütün hallarda müalicə olunmayanda xəstəlik uzanmağa başlayır.
Hətta elə olur ki, xəstəlik insanı aldadır. Xəstə həkimə getmək istəyəndə hiss edir və düşünür ki, yaxşıdır, bəlkə heç həkimə getməsin. İnsan gah xəstə, gah da yaxşı hiss etdiyi üçün həkimə getməkdən yayınır. Nəticədə vaxt itirilir və sonda xəstəlikdən təngə gələrək məcbur olub həkimə müraciət edir.
Bəzi hallarda isə insanlar el arasında yayılmış sistem köçürmələrinə üz tuturlar. Lakin həmin sistemlər xəstəliyin simptomlarını sadəcə üstəalçaq edir. Xəstəlik 3-4 gün sakitləşir, lakin bundan sonra qızdırma və digər əlamətlər yenidən, hətta daha şiddətli şəkildə qayıdır. Ona görə də xəstəliyin müddəti daha da uzanır. Bəzi insanlar sistem köçürtdükdən sonra yaxşılaşacaqlarına arxayın olub bir aya qədər əziyyət çəkirlər və yalnız bir ayın sonunda həkimə gəlirlər.
Ona görə də tövsiyəmiz odur ki, xəstəlik baş verdikdə mütləq həkimə müraciət olunsun. Çünki qrip ağır xəstəliklərdən biridir. Bəzən beyində və ya başqa orqanlarda elə fəsadlar verə bilir ki, onları sonradan sağaltmaq mümkün olmur və bu, insanın həyatı bahasına başa gəlir. Soyuqdəymə və qrip kimi xəstəliklərə yüngül yanaşmaq olmaz; ciddi yanaşmaq, həkimə müraciət etmək və lazımi müalicəni almaq lazımdır.
Eyni zamanda, tibb bacılarının evlərdə standart sistemlər köçürməsi məsələsində ehtiyatlı olmaq lazımdır. Onlar hər kəsə eyni sistemi köçürürlər. Lakin tibbdə bütün xəstəliklərə eyni dərəcədə kömək edən universal bir dərman yoxdur, hər xəstəliyin öz fərdi müalicəsi var. Nəticədə isə bu cür yanaşmalar xəstələr üçün ciddi problemlər yaradır”.
Zeynəb Həsən
17:30 06.10.2026
Oxunuş sayı: 63