Əlcəzair Ukrayna texnologiyalı helikopterləri Nigərə verdi
Əlcəzair Nigərə Ukraynanın iştirakı ilə modernləşdirilmiş hərbi helikopterlər verib.
Crossmedia.az xəbər verir ki, “Defense Express” portalında dərc olunan məqaləyə görə, avqustun əvvəlində Əlcəzair Nigərə iki ədəd Mi-24 SuperHind Mk.III hücum helikopteri və iki Mi-171 helikopteri təhvil verib.
Ekspertlərin fikrincə, bu addım Afrika ölkələrinin Moskvanın təsirindən kənar əməkdaşlıq qurmağa başladığını göstərə bilər.
Məqalənin müəllifi, Ukraynanın pilotsuz sistemlər qüvvələrinin 413-cü alayının hərbçisi İvan Kiriçevskinin sözlərinə görə, Mi-24 SuperHind Mk.III helikopterləri sovet istehsalı Mi-24-lərin Cənubi Afrika şirkəti ATE tərəfindən modernləşdirilməsi nəticəsində hazırlanıb və bu prosesdə Ukraynanın Avikon müdafiə müəssisəsi də iştirak edib.
Modernləşdirilmiş helikopterlər əvvəlki versiyadan silah sistemləri ilə fərqlənir. Onlarda burun pulemyotu əvəzinə 800 mərmiyə malik 20 mm-lik avtomatik top quraşdırılıb. Həmçinin Cənubi Afrika istehsalı olan lazer tuşlama sistemli Ingwe tank əleyhinə raketləri inteqrasiya edilib. Bu raketlərin atış məsafəsi 5 kilometrə qədərdir.
Helikopterlərdə lazer məsafəölçən, termal görüntüləmə sistemi və optik-elektron kameralar da quraşdırılıb. Bundan əlavə, gövdələr müasir kompozit materiallardan istifadə edilməklə yenilənib.
Ekspert qeyd edib ki, 1999-2004-cü illər ərzində Əlcəzair üçün 33 Mi-24 helikopteri modernləşdirilib. Bu ilin əvvəlinə qədər həmin texnikadan təxminən 30-nun xidmətdə olduğu bildirilirdi.
Nigərin silahlı qüvvələrində isə Əlcəzairin yardımı öncəsi yalnız iki Mi-35 hücum helikopteri və bir Mi-17 helikopteri olub. Buna görə də ekspert bu yardımı Niger ordusu üçün ciddi dəstək kimi qiymətləndirib.
Məqalədə vurğulanır ki, Əlcəzairin öz arsenalında Rusiya istehsalı olan 42-yə yaxın Mi-28 hücum helikopteri də var. Ekspert ehtimal edir ki, Əlcəzair köhnəlmiş texnikasını yeniləyərək Afrika tərəfdaşlarına ötürür.
Bununla yanaşı, Kiriçevski bildirib ki, Əlcəzair və Niger uzun müddət Moskvanın müttəfiqləri hesab edilsə də, bu ölkələr indi Rusiya xaricində də hərbi əməkdaşlıq əlaqələri qurmağa başlayıblar. Onun fikrincə, bu, Rusiyanın Afrikadakı təsirinin tədricən azalmasının əlaməti ola bilər.
23:25 19.08.2026
Oxunuş sayı: 59