Mal-qarada quduz aşkarlandı
Türkiyənin Ardahan vilayətində təsərrüfatlardan birində iribuynuzlu heyvanda quduz virusu aşkarlanıb və xəstəliyin yayılmasının qarşısını almaq üçün ərazi karantinə alınıb.
Crossmedia.az xəbər verir ki, “Haber Global” bu barədə məlumat yayıb.
Hadisə Ardahanın Mərkəz rayonunun Gürçayır məhəlləsində heyvandarlıq təsərrüfatlarından birində baş verib. İribuynuzlu heyvanın xəstələnməsi ilə bağlı İl Kənd Təsərrüfatı və Meşə İdarəsinə məlumat verilib.
Məlumatdan sonra təsərrüfata gələn baytar həkimlər quduzluq şübhəsi olan heyvandan nümunə götürüblər. Dəqiq diaqnozun müəyyənləşdirilməsi üçün nümunə Ərzurum Baytarlıq Nəzarəti və Araşdırma İnstitutuna göndərilib.
Laboratoriya müayinəsinin nəticəsində nümunənin quduz virusuna görə pozitiv olduğu müəyyən edilib. Bundan sonra xəstəlik aşkarlanan heyvan məhv edilib.
Səlahiyyətli qurumlar xəstəliyin digər heyvanlara və insanlara yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda və ətraf ərazidə zəruri baytarlıq və sanitariya tədbirləri həyata keçirib.
Bundan başqa, Heyvan Sağlamlığı, Yetişdirilməsi və Su Məhsulları Şöbəsinin əməkdaşları xəstəliyin digər heyvanlara keçib-keçmədiyini müəyyənləşdirmək üçün ərazidə yoxlama və araşdırmalara başlayıblar.
Quduzluq diaqnozunun təsdiqlənməsindən sonra xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatın yerləşdiyi ərazidə karantin rejimi tətbiq edilib.
Karantin çərçivəsində baytar mütəxəssislərin ərazidə nəzarət tədbirləri və xəstəliyin mümkün yayılma istiqamətlərinin müəyyənləşdirilməsi üzrə işləri davam etdirilir.
15:12 18.08.2026
Oxunuş sayı: 50