43-cü Dünya çempionatı 2027-ci ildə Bakıda keçiriləcək
Frankfurtda bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi keçirilib. Mərasim zamanı Dünya çempionatının bayrağı növbəti yarışın ev sahibi olan Azərbaycana təqdim edilib. 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur.
Crossmedia.az Azərbaycan Gimnastik Federasiyasına istinadən xəbər verir ki, bağlanış mərasimində Dünya Çempionatının bayrağı əvvəlcə Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, daha sonra isə Dünya Gimnastikası tərəfindən Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Bayrağın təqdim edilməsi ilə 2027-ci ildə Bakıda keçiriləcək 43-cü Dünya çempionatına ev sahibliyinin Azərbaycana keçməsi simvolik olaraq qeyd edilib.
Həm Frankfurtda keçirilən builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək yarışda fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın Olimpiya lisenziyası qazanmaq şansı olacaq.
Beləliklə, Azərbaycan həm bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək, həm də gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından mühüm təsnifat mərhələlərindən birini qəbul edəcək.
20:20 16.08.2026
Oxunuş sayı: 56