Beton çuxurlardan başqa heç nə yoxdur: Macarıstan Rusiyanın layihəsini tənqid etdi
Macarıstanın Baş naziri Peter Madjar Rusiyanın dövlət atom şirkəti “Rosatom” ilə əvvəlki hökumət tərəfindən bağlanmış nüvə enerjisi razılaşmasının şərtlərinə şübhə ilə yanaşdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Politico”nun məlumatına görə, həddindən artıq isti hava və quraqlıq Dunay çayında su səviyyəsinin rekord həddə düşməsinə səbəb olub.
Bu isə Macarıstandakı Paks Atom Elektrik Stansiyasının gücünün kəskin azalmasına gətirib çıxarıb. Ölkənin elektrik enerjisinin təxminən üçdə birini təmin edən AES hazırda əvvəlki gücünün yalnız 10 faizindən bir qədər çoxunu istehsal edir.
Madjar bildirib ki, Paks-II layihəsi ətraf mühitə təsirə daha həssas olan soyutma sistemi səbəbindən yenidən qiymətləndirilməlidir.
“Rosatom”un baş direktoru Aleksey Lixaçov isə layihənin qrafik üzrə davam etdiyini açıqlayıb. O bildirib ki, 5-ci enerji blokunun beton təməli üzrə işlər 80 faizdən çox tamamlanıb, 6-cı blok üzrə isə reaktor komponentlərinin istehsalı başlayıb.
Lixaçov qeyd edib ki, şirkət Macarıstanın yeni hökumətindən layihə ilə bağlı hər hansı rəsmi müraciət almayıb və dialoqa hazırdır.
Lakin Macarıstanın baş naziri bu açıqlamanı təkzib edib. O bildirib ki, ilkin müqaviləyə əsasən Paks-II AES artıq 2024-cü ildə fəaliyyətə başlamalı idi.
Madjarın sözlərinə görə, Macarıstan layihəyə təxminən 2,8 milyard avro xərcləyib, lakin hazırda obyekt iki böyük beton çuxurdan və anbarlardan başqa bir şey deyil.
“Onların müqavilə şərtlərinə əməl etdiyini görmürəm”, – deyə baş nazir bildirib.
Hazırda Macarıstan hökuməti layihənin maliyyələşdirilməsi və soyutma sistemi də daxil olmaqla bütün detallarını yenidən araşdırır.
Qeyd edək ki, 2014-cü ildə Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti Moskva ilə Paks-II layihəsi üzrə razılaşma imzalamışdı. Razılaşmaya əsasən, “Rosatom” AES-ə iki yeni reaktor əlavə etməli, layihə isə Rusiyanın 10 milyard avroya qədər dövlət krediti hesabına maliyyələşdirilməli idi. Orban həmin sazişi vaxtilə əsrin müqaviləsi adlandırmışdı.
Mövzu ilə bağlı Macarıstanda əvvəlki xarici işlər naziri Peter Siyarto ilə Rusiyadakı əlaqələrinə dair araşdırmaların başladığı da bildirilmişdi.
22:53 14.08.2026
Oxunuş sayı: 46