Ağ Evdə kritik seçim: Tramp kimə güvənəcək?
ABŞ-də Ağ Evin hazırkı mətbuat katibi Kerolin Levittin avqustun sonunda vəzifəsini tərk edəcəyi gözlənilir.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Onun yerinə mümkün namizədlər arasında hazırkı administrasiyanın nümayəndələri, Donald Trampın keçmiş tərəfdaşları və media sahəsində çalışan şəxslərin adları çəkilir.
Məlumata görə, mümkün namizədlər sırasında Baş prokurorun müşaviri Alina Habba, Levittin müavini Anna Kelli, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq, prezident protokolunun rəhbəri Monika Krouli və digər tanınmış şəxslər yer alır.
Analitiklər qeyd edirlər ki, yeni mətbuat katibinin seçimi yalnız kadr məsələsi deyil, həm də müasir Amerika siyasətində kommunikasiya modelinin dəyişməsini göstərir.
Əvvəllər Ağ Evin mətbuat katibindən əsasən dövlət aparatını yaxşı tanımaq, prezidentin etimadını qazanmaq və jurnalistlərlə düzgün ünsiyyət qurmaq tələb olunurdu. Lakin bu gün bu vəzifə daha fərqli bacarıqlar tələb edir: televiziya çıxışlarını idarə etmək, sosial şəbəkələrin mexanizmlərini anlamaq, informasiya hücumlarına tez cavab vermək və siyasi mübarizəni mediada aparmaq.
Donald Tramp üçün isə mətbuat katibinin rolu xüsusilə dəyişib. Tramp fikirlərini birbaşa auditoriyaya çatdırmaq imkanına malikdir və ona prezidentin sözlərini sadəcə izah edən deyil, həmin mövqeləri müdafiə edən, tənqidlərə cavab verən və gündəmi formalaşdırmağa kömək edən şəxs lazımdır.
Kerolin Levitt 2025-ci ilin yanvarında 27 yaşında Ağ Evin tarixində ən gənc mətbuat katibi kimi vəzifəyə başlamışdı. Onun fəaliyyəti dövründə administrasiya ənənəvi media ilə münasibətlərdə daha sərt xətt seçib, eyni zamanda bloqerlər, podkast yaradıcıları və yeni media nümayəndələri üçün daha geniş imkanlar yaradıb.
Ekspertlərin fikrincə, Tramp dövründə prezident mətbuat katibinin əsas vəzifəsi artıq yalnız məlumat yaymaq deyil, informasiya mübarizəsində üstünlük qazanmaqdır.
Mütəxəssislər hesab edir ki, yeni təyin olunacaq mətbuat katibi sakit diplomatik üslubdan daha çox televiziya debatlarında və siyasi qarşıdurmalarda aktiv iştirak edə bilən şəxs ola bilər. Bu isə Ağ Evin media siyasətində Tramp dövrünə uyğun yeni mərhələnin davam edəcəyini göstərə bilər.
06:20 15.08.2026
Oxunuş sayı: 38