Zəngəzur dəhlizi: Azərbaycanın gələcəyinə açılan strateji yol
Azərbaycanın gələcək inkişafının yeni istiqamətlərindən biri ölkənin coğrafi mövqeyinin iqtisadi və geosiyasi üstünlüyə çevrilməsidir. Zəngəzur dəhlizi bu strategiyanın mühüm komponentlərindən biri kimi Azərbaycanın qarşısında yeni imkanlar açır.
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Zəngəzur dəhlizinə yalnız Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat xətti kimi baxılmır. Layihənin əhəmiyyəti daha genişdir: Azərbaycanın Avrasiya nəqliyyat sistemində mövqeyinin möhkəmləndirilməsi, Naxçıvanın regional logistika mərkəzinə çevrilməsi, yeni iqtisadi imkanların yaradılması və ölkənin inkişafının şaxələndirilməsi.
Prezidentin sözlərinə görə, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmadan sonra TRIPP layihəsinin icrasına start verilib və proses praktiki mərhələyə keçib. Bu, uzun müddət siyasi və diplomatik müzakirələrin mövzusu olan layihənin artıq real iqtisadi və nəqliyyat infrastrukturu layihəsinə çevrilməsi baxımından mühüm dönüş nöqtəsidir.
Zəngəzur dəhlizinin əhəmiyyətini yalnız dəmir yolu və avtomobil yolu ilə ölçmək düzgün olmazdı. Əslində burada Azərbaycanın coğrafi mövqeyinin iqtisadi resursa çevrilməsindən söhbət gedir.
Azərbaycanın okeanlara birbaşa çıxışı olmasa da, ölkə Avropanı Asiya ilə birləşdirən mühüm coğrafi məkanda yerləşir. Son illərdə həyata keçirilən nəqliyyat layihələri bu coğrafi mövqeyi mühüm üstünlüyə çevirməyə imkan verib. Zəngəzur dəhlizi isə bu prosesin yeni mərhələsi ola bilər.
Prezident İlham Əliyevin müsahibəsində dəhlizin həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutlarının mühüm qollarından birinə çevrilə biləcəyi vurğulanır. Beləliklə, Azərbaycan təkcə enerji resurslarının ixrac edildiyi ölkə deyil, həm də malların, kapitalın və gələcəkdə enerjinin hərəkət etdiyi regional platformaya çevrilə bilər.
Müsahibədə diqqəti çəkən məsələlərdən biri də yükdaşıma potensialıdır. Hazırda Naxçıvan dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon ton göstərilir. Strateji hədəf isə bu göstəricini ən azı 15 milyon tona çatdırmaqdır. Bunun üçün Naxçıvan dəmir yolunun reabilitasiyası və yenidən qurulması nəzərdə tutulur.15 milyon ton yalnız nəqliyyat göstəricisi deyil. Bu həcmdə yükün davamlı şəkildə daşınması Azərbaycanın logistika sektorunun genişlənməsinə, yeni terminalların, anbarların, gömrük və maliyyə xidmətlərinin, nəqliyyat və texniki xidmət müəssisələrinin yaranmasına səbəb ola bilər.
Deməli, dəhlizin iqtisadi səmərəsi yalnız tranzit gəlirləri ilə məhdudlaşmayacaq. Onun ətrafında yeni xidmət və istehsal iqtisadiyyatı formalaşa bilər. Bu isə investisiya, məşğulluq və regionların iqtisadi fəallığının artması deməkdir.
Zəngəzur dəhlizinin ən mühüm nəticələrindən biri Naxçıvanın iqtisadi və coğrafi mövqeyinin dəyişməsi ola bilər. Uzun müddət Azərbaycanın əsas hissəsindən ayrı olması Naxçıvanın iqtisadi inkişafında nəqliyyat məhdudiyyətləri yaradıb. Dəhlizin açılması isə bu vəziyyəti üstünlüyə çevirə bilər. Prezidentin müsahibəsində Naxçıvanın gələcəkdə “əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə” çevrilə biləcəyi bildirilir.
Əgər Şərq–Qərb və Şimal–Cənub marşrutları Naxçıvanla əlaqələndirilərsə, muxtar respublika Azərbaycanın nəqliyyat sisteminin kənarında yerləşən ərazi deyil, regional logistika mərkəzi kimi çıxış edə bilər. Bununla yanaşı, sənaye, ticarət, xidmət və investisiya imkanları da genişlənə bilər.
Zəngəzur dəhlizinin İran istiqamətində əlavə bağlantı yaratması da xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın Culfa vasitəsilə İrana çıxışının genişlənməsi Azərbaycanın İran və daha sonra Fars körfəzi istiqamətində nəqliyyat imkanlarını artıracaq.
Zəngəzur dəhlizini yalnız nəqliyyat layihəsi kimi qiymətləndirmək düzgün olmazdı. Naxçıvanın enerji potensialının inkişaf etdirilməsi də bu strategiyanın mühüm hissəsidir. Prezident müsahibəsində Naxçıvanda 300 meqavat gücündə istilik elektrik stansiyasının və yeni Günəş elektrik stansiyalarının yaradılması, gələcəkdə isə elektrik enerjisinin ixracı imkanlarından danışıb. Bu baxımdan gələcəyin Zəngəzur məkanı yalnız dəmir yolu ilə məhdudlaşmaya bilər. Nəqliyyat, logistika, enerji, sənaye və ticarət infrastrukturlarının bir-birini tamamladığı yeni iqtisadi məkan formalaşa bilər. Beləliklə, Azərbaycanın inkişaf modelində enerji ölkəsindən enerji və logistika ölkəsinə doğru yeni transformasiya imkanları yaranır.
Zəngəzur dəhlizinin digər mühüm nəticəsi Azərbaycanın geoiqtisadi əhəmiyyətinin artmasıdır. Müasir dünyada nəqliyyat marşrutları yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Ölkə ərazisindən keçən marşrutların və yük həcminin artması onun beynəlxalq iqtisadi sistemdə rolunu da gücləndirir.
Prezidentin müsahibəsində səslənən “bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil” fikri Azərbaycanın bu baxımdan artan əhəmiyyətini ifadə edir. Bu reallıq Azərbaycanın gələcək inkişafı üçün mühüm üstünlük yaradır: coğrafiya artıq sadəcə yerləşmə amili deyil, iqtisadi kapitaldır.
Son onilliklərdə Azərbaycanın iqtisadi inkişafında enerji amili mühüm rol oynayıb. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi və digər layihələr ölkənin beynəlxalq mövqeyini gücləndirib. Qarşıdakı mərhələdə isə nəqliyyat, logistika, enerji, ticarət və investisiyanın bir-biri ilə əlaqələndirilməsi Azərbaycanın iqtisadi gücünün əsas istiqamətlərindən birinə çevrilə bilər.
Zəngəzur dəhlizinin əhəmiyyəti onun uzunluğu və ya daşınacaq yükün həcmi ilə məhdudlaşmır. Layihənin əsas strateji əhəmiyyəti Azərbaycanın gələcək iqtisadi və geosiyasi mövqeyinə göstərə biləcəyi təsirdədir.
Dəhliz Azərbaycanı Naxçıvanla birləşdirə, Naxçıvanın Türkiyə və Avropa ilə əlaqələrini gücləndirə, İran və Fars körfəzinə çıxış imkanlarını genişləndirə, Şərq–Qərb və Şimal–Cənub marşrutlarını daha sıx əlaqələndirə və yeni logistika-sənaye mərkəzlərinin yaranmasına şərait yarada bilər.
Əgər nəzərdə tutulan infrastruktur layihələri vaxtında və səmərəli şəkildə həyata keçirilərsə, bu gün “dəhliz” adlandırdığımız xətt gələcəkdə Azərbaycanın yeni iqtisadi inkişaf dəhlizinə çevrilə bilər. Azərbaycan üçün əsas məsələ sadəcə yeni yolun çəkilməsi deyil. Əsas məsələ coğrafi mövqeyin milli inkişafın uzunmüddətli strateji üstünlüyünə çevrilməsidir.

Anar Fərəcov
BDU-nun Filologiya fakültəsinin dekan müavini
13:57 14.08.2026
Oxunuş sayı: 55