Ermənistanda 7 800 sürücü pul ödəyərək hüquqlarını bərpa edib
Ermənistanda sürücülük hüququndan məhrum edilmiş 7 800-dən çox vətəndaş imtahan vermək əvəzinə müəyyən məbləğ ödəməklə hüquqlarını bərpa edib.
Crossmedia.az xəbər verir ki, Ermənistan Daxili İşlər nazirinin müavini Arman Kazaryan avqustun 14-də keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.
Onun sözlərinə görə, sürücülük hüququnun sadələşdirilmiş qaydada bərpasına dair qərar qüvvəyə mindikdən sonra 7 800 vətəndaş bu imkandan yararlanıb. Sadələşdirilmiş prosedurla hüquqların bərpası 50 min drama başa gəlir.
Kazarayan imtahanların keçirilməsi qaydasında bir sıra dəyişikliklərin də ediləcəyini açıqlayıb. Artıq nəzəri və praktiki imtahanları müxtəlif yerlərdə vermək mümkündür. Yaxın vaxtlarda isə sual bazası dəyişdiriləcək və A, B, C kateqoriyalarına namizədlər üçün digər kateqoriyalardan fərqli suallar hazırlanacaq.
Nazir müavini yeni sual bazasının dərc olunacağını bildirib. Qeyd edək ki, bu qayda potensial olaraq təxminən 18 min vətəndaşa şamil edilə bilər. Onların əksəriyyəti sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə və ya cərimə ballarını tükətdiyinə görə sürücülük hüququndan məhrum edilib.
14:51 14.08.2026
Oxunuş sayı: 39