Partiya sədri ekspertə etiraz etdi, bələdiyyələrin səlahiyyəti məsələsi yenidən gündəmə gəldi
Azərbaycanda mənzil kreditlərinin əlçatanlığı ilə bağlı əsas problemlərdən biri banklar arasında rəqabətin zəifləməsi və bunun kredit şərtlərinə təsiridir. Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, vaxtilə ölkədə 44 bank fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 21-dir və banklar arasında rəqabətin azalması vətəndaşların kredit resurslarına çıxış imkanlarını məhdudlaşdıran amillərdən biridir.
Ekspert konkret olaraq dövlət, bələdiyyələr, banklar və tikinti şirkətləri arasında birgə maliyyələşdirmə modelinin yaradılmasını təklif edir. Onun fikrincə, Türkiyədə tətbiq olunan oxşar mexanizmdə tikinti şirkəti layihənin ilkin maliyyələşdirilməsində iştirak edir, banklar maliyyə təminatı yaradır, mənzillərin qalan dəyəri isə alıcılar tərəfindən mərhələli şəkildə ödənilir. Belə bir modelin Azərbaycanda tətbiqi ipoteka faizlərinin yükünü azaltmaqla yanaşı, daha çox vətəndaşın mənzil əldə etməsinə və tikinti sektorunda yeni layihələrin maliyyələşdirilməsinə imkan yarada bilər.
REAL Partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, təklif öz mahiyyətinə görə cəlbedici olsa da, onun Azərbaycanda tətbiqi üçün bir sıra mühüm məsələlərə aydınlıq gətirilməlidir:

“Bu təklif öz-özlüyündə gözəl səslənir, amma bunun mexanizmi necə olacaq? Nələdiyyələrin nə səlahiyyəti var, hansı səlahiyyət və məsuliyyət daşıyacaqlar? Banklar hansı formada iştirak eləyəcəklər?”
N.Cəfərli modelin maliyyələşmə mexanizminin də dəqiq müəyyənləşdirilməsinin vacib olduğunu qeyd edib:
“Bu kreditləşmə forması dərəcəsində olacaq, yoxsa investisiya forması dərəcəsində olacaq? Tikinti şirkətlərinin marağı necə qorunacaq? Yəni bütün bu suallar açıqdır”.
Partiya sədri sözügedən modelin Azərbaycanda tətbiqinin mümkün olduğunu, lakin bunun üçün səlahiyyət və məsuliyyət bölgüsünün dəqiq aparılmasının vacibliyini vurğulayıb:
“Model olaraq cəlbedicidir. Azərbaycanda da bunu tətbiq eləmək olar. Amma dediyim kimi, səlahiyyət və məsuliyyət bölgüsü daha dəqiq aparılmalıdır bu məsələlərdə”.
Nigar Xəlilli
19:30 11.08.2026
Oxunuş sayı: 62