Britaniyanın dronlarında şok aşkarlama – Məlumatlar Çinə gedir
Böyük Britaniyanın Müdafiə Nazirliyi kibertəhlükəsizlik yoxlaması zamanı dəniz dronlarının kameralarının Çin IP ünvanlarına siqnallar göndərdiyini müəyyən edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, söhbət “Kraken Technology” şirkətinin istehsalı olan və K3 Scout modeli pilotsuz uçuş aparatlarından gedir.
Bu dronların xüsusi təyinatlı qüvvələrin əməliyyatlarında istifadə edilməsi nəzərdə tutulub.
Britaniya Müdafiə Nazirliyinin nümayəndələri bildiriblər ki, məxfi hərbi məlumatların sızması qeydə alınmayıb. Aşkarlanan problemlərin isə istehsalçı tərəfindən operativ şəkildə aradan qaldırıldığı qeyd olunub.
Bununla belə, insident Qərbin hərbi-sənaye kompleksinin Çin istehsalı komponentlərdən asılılığı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Mütəxəssislər bildirirlər ki, dron istehsalında istifadə olunan kameralar, mühərriklər və digər hissələr üzrə Çinin bazardakı üstün mövqeyi tədarük zəncirinə nəzarəti çətinləşdirir. Alternativ komponentlərə keçid isə istehsal xərclərinin dəfələrlə artmasına səbəb ola bilər.
18:10 11.08.2026
Oxunuş sayı: 60