Azərbaycan Ermənistana qaz verə bilər
Ermənistan hakimiyyəti Azərbaycandan ölkəyə birbaşa qaz tədarükü imkanını nəzəri olaraq mümkün variant kimi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasının deputatı Sarkis Xandanyanın açıqlamasına istinadən məlumat yayıb.
Xandanyan bildirib ki, Ermənistanın qaz təchizatının şaxələndirilməsi istiqamətində müxtəlif imkanlar müzakirə olunur. Onun sözlərinə görə, Azərbaycandan Ermənistana birbaşa qaz tədarükü də belə variantlardan biri ola bilər.
Deputat qeyd edib ki, TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən qaz kəmərinin keçirilməsi nəzərdə tutulur. Bu kəmər gələcəkdə ölkə üçün əlavə qaz mənbəyinin yaradılmasına imkan verə bilər. Xandanyan bu ehtimalı hazırda nəzəri fikir kimi qiymətləndirsə də, onun praktiki baxımdan həyata keçirilməsinin çətin olmadığını bildirib.
Xandanyan "Qazprom"un Ermənistanla qaz razılaşmasının şərtlərinə yenidən baxması ehtimalına da toxunub. O bildirib ki, belə bir məsələ yaranarsa, Ermənistan bunu Rusiya tərəfi ilə dostluq münasibətləri çərçivəsində müzakirə edəcək
16:03 11.08.2026
Oxunuş sayı: 68