ABŞ Suriyadakı gizli nüvə obyektinə dair razılaşmaya vasitəçilik edib
ABŞ Suriya, İsrail və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında Suriyadakı gizli nüvə obyektindən nüvə materiallarının çıxarılması ilə bağlı məxfi razılaşmanın əldə olunmasına vasitəçilik edib.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət “Obyekt 99” kimi tanınan və Bəşər Əsəd rejiminin gizli Əl-Kibar nüvə proqramı ilə əlaqələndirilən obyektdən gedir.
Razılaşmaya əsasən, BAEA-nın yaxın vaxtlarda obyektdə saxlanılan nüvə materiallarını təhlükəsiz şəkildə çıxarması nəzərdə tutulur. ABŞ administrasiyası və BAEA bu materialların regionda əlavə gərginliyə səbəb ola biləcəyindən ehtiyat edərək diplomatik həll üzərində çalışıb.
“Axios”un məlumatına görə, İsrail son iki ildən artıq müddətdə “Obyekt 99”u müşahidə edib. Bir neçə həftə əvvəl ərazidə hərəkətlilik qeydə alınıb və bu, İsrail və ABŞ rəsmilərində Suriyanın yeni hökumətinin nüvə materiallarına çıxış əldə etməyə çalışdığı ilə bağlı narahatlıq yaradıb.
Hazırda materialların obyektdən çıxarılmasına başlanılmayıb və ərazi nəzarətdə saxlanılır. ABŞ rəsmiləri əməliyyatın davam etdiyini bildiriblər.
15:21 11.08.2026
Oxunuş sayı: 68