Ticarət Palatası: Şimali Avropa biznesi Azərbaycanın enerji keçidinə maraq göstərir
Şimali Avropa ölkələrinin şirkətləri Azərbaycanın enerji keçidinə böyük maraq göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsveç-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Emil Mirzəyev sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, enerji əməkdaşlığının növbəti mərhələsi ənənəvi enerji istehsalı çərçivəsindən kənara çıxa bilər.
"Şimali Avropa ölkələrinin şirkətləri ilə keçirilən son görüşlər zamanı Azərbaycanın enerji keçidi gündəliyinə marağın davamlı artımı qeydə alınır. Söhbət artıq yalnız enerji istehsalından getmir. Şirkətlər yeni layihələrin genişmiqyaslı icrası üçün zəruri olan infrastrukturu getdikcə daha çox təhlil edirlər", - E.Mirzəyev vurğulayıb.
Biznesin elektrik şəbəkələrinin modernləşdirilməsi, yüksək gərginlikli ötürmə, yarımstansiyaların tikintisi, bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyası, transsərhəd infrastruktur, eləcə də mühəndislik və texnoloji həllər kimi istiqamətlərə diqqət yetirir.
"Bu, Şimal ölkələri üçün maraqlı imkanlar açır", - o əlavə edib.
Palata rəhbərinin fikrincə, İsveç, Norveç və Danimarka bu sahələrin bir çoxunda böyük təcrübəyə malikdir, Azərbaycan isə Avropa, Xəzər regionu və Mərkəzi Asiyanı birləşdirən mühüm enerji və nəqliyyat qovşağı kimi öz rolunu möhkəmləndirir.
"Fürsət təkcə Azərbaycana texnologiyaların tədarük edilməsi ilə məhdudlaşmır, həm də regionu Avropa enerji bazarları ilə birləşdirəcək infrastrukturun bir hissəsinə çevrilməkdən ibarətdir. Mənə elə gəlir ki, məhz burada biznes diplomatiyası mövcud işgüzar əlaqələri praktiki investisiyalara və tərəfdaşlıqlara çevirmək qabiliyyətinə malikdir. Enerji keçidi yalnız daha böyük həcmdə təmiz enerjinin istehsalı demək deyil, həm də bu enerjinin hərəkət etməsinə imkan verən sistemlərin yaradılmasıdır. Şimali Avropa ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün məhz bu istiqamətdə böyük potensial görürəm", - E.Mirzəyev bildirib.
11:56 11.08.2026
Oxunuş sayı: 63