Rusiyanın bölgələrində dron hücumlarının nəticələri açıqlanıb
Rusiyanın bir sıra bölgələrinə edilən dron hücumları nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb, müxtəlif obyektlərdə yanğınlar baş verib.
Crossmedia.az xəbər verir ki, “TASS” Rusiyanın Müdafiə Nazirliyi və regional rəsmilərə istinadən bu barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə ərazisində hava hücumundan müdafiə qüvvələri 396 Ukrayna PUA-sını aşkarlayaraq məhv edib.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, avqustun 10-u saat 20:30-dan avqustun 11-i saat 08:30-dək Moskva istiqamətində 237 PUA uçub. Onların böyük hissəsinin şəhərə uzaq məsafədə zərərsizləşdirildiyi, 13 PUA-nın isə Moskvanın yaxınlığında məhv edildiyi bildirilib.
Voronej vilayətində PUA hücumu nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Vilayət qubernatoru Aleksandr Qusevin sözlərinə görə, yaralılardan biri hücum zamanı küçədə, digəri isə böyük logistika mərkəzinin ərazisində olub.
Hücum nəticəsində Voronej vilayətində böyük bir şirkətə məxsus iki anbarda yanğın baş verib. Anbarlardan birində 16 min kvadratmetr sahədəki yanğın söndürülüb, digər obyektdə isə yanğınla mübarizə davam edib.
“RWB” şirkətinin məlumatına görə, Voronej vilayətində “Wildberries” logistika obyektlərindəki məhsulların böyük hissəsi zərər görməyib. Cari tədarüklərin qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və digər obyektlərə yönləndirilib.
Orenburq vilayətində PUA qalıqlarının düşməsi nəticəsində sənaye müəssisələrindən birində yanğın baş verib. İlkin məlumata görə, ölən və yaralanan olmayıb. Qubernator Denis Sontsov hücumların davam etdiyini bildirib.
Rostov vilayətində isə PUA qalıqlarının düşməsi Tarasov rayonunda meşə zolağında yanğına səbəb olub. Kamensk rayonunda meşə ərazisinin iki kiçik hissəsində yanğın ocaqları yaranıb.
Milyutin rayonunda isə Aqrar və Antonovka yaşayış məntəqələrinin yaxınlığında quru bitki örtüyü yanıb. Bildirilir ki, bütün yanğınlar operativ şəkildə söndürülüb.
11:33 11.08.2026
Oxunuş sayı: 69