Azərbaycana turpaketlər niyə bahadır?
Dövlət Statistika Komitəsinin son hesabatına əsasən, bu ilin birinci yarısında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı 8,3%, əcnəbi turistlərin gecələmələri 10,3%, otel gəlirləri isə 3,8% azalıb. İlin ilk yarısında qeydə alınan bu mənfi tendensiyanın səbəbləri və Azərbaycanın turizm bazarındakı rəqabət qabiliyyəti barədə turizm eksperti Ceyhun Aşurov Crossmedia.az-a açıqlama verib.

Ekspert bildirib ki, statistikadakı eniş birbaşa olaraq ölkəyə gələn əcnəbi turistlərin sayının azalması ilə bağlıdır:
"Dövlət Statistika Komitəsinin açıqladığı göstəricilər ölkəmizə gələn turistlərin və əcnəbilərin sayında 10%-ə yaxın azalmanın olduğunu göstərir. Müvafiq olaraq da onların ölkədəki xərcləmələri, otel gəlirləri və turizmdən əldə olunan ümumi mənfəət azalıb. Dürüst etiraf etməliyik ki, hal-hazırda Azərbaycan digər turizm destinasiyaları ilə müqayisədə rəqabətdə uduzur. Ölkəmizə turist axınını təmin etmək üçün daha çox və daha əlverişli şərait yaratmalıyıq. Azərbaycan bir turizm məkanı kimi xarici turistlər üçün daha əlçatan olmalıdır".
C.Aşurov vurğulayıb ki, Azərbaycana turpaketlərin baha olmasının əsas səbəbi nəqliyyat və təyyarə biletlərinin qiymətidir:
"İnsanlar internetə daxil olaraq dünyadakı bütün istiqamətlər üzrə uçuş qiymətlərini rahatlıqla müqayisə edə bilirlər. Bütün dünyada aviabiletlərin bahalaşması müşahidədən qaçmır, lakin Azərbaycan bu istiqamətdə yenə də rəqabətdən geri qalır. Azərbaycan istiqamətində hazırlanan turpaketlərin tərkibində nəqliyyat və aviauçuş xərcləri 40-45%-ə çatır. Halbuki beynəlxalq turizm təcrübəsində bu göstərici maksimum 30%, bəzi ölkələrdə isə 20-25% təşkil edir. Məhz yüksək nəqliyyat xərcləri turpaketlərin qiymətini həddindən artıq şişirdir və turistlərin seçiminə birbaşa mənfi təsir göstərir".
Ekspert ənənəvi bazarlardakı durğunluğa toxunaraq potensial yeni bazarlara diqqət ayırmağın vacibliyini qeyd edib:
"Körfəz ölkələri, İran, İsrail, Pakistan və Hindistandan gələn turistlərin sayında azalmalar var və bu, daxili turizm bazarına ciddi təsir göstərib. Lakin potensial bazarlarımız çoxdur. Orta Asiya, Türkiyə, Şərqi Avropa ölkələri, eləcə də Çin, Yaponiya və Cənubi Koreya kimi Şərq ölkələrindən ölkəmizə böyük turist axını cəlb edə bilərik. Xüsusən Çinlə vizasız rejim imkanlarından maksimum yararlanmaq lazımdır. Nəzərə alaq ki, Azərbaycan tam təhlükəsiz və sabit ölkədir, otel və restoran qiymətləri də əcnəbilər üçün kifayət qədər münasibdir. Əgər biz ölkəyə gəliş üzrə nəqliyyat və uçuş xərclərində elastik və cəlbedici güzəştlər tətbiq edə bilsək, turistlərin sayında kəskin artıma nail ola bilərik".
Fatimə Cabbarlı
14:30 28.07.2026
Oxunuş sayı: 63